Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ermənistanla bağlı yaydığı mətbuat məlumatı xeyli maraq doğurub. Rusiyanın Xarici Kəşfiyyat Xidməti “İrəvanın öpüşü” başlıqlı press-relizdə iddia edib ki, Ermənistan siyasi səbəblərdən Moskvadan “qopmaq” və Rusiya əvəzinə daha bahalı Ukrayna taxılını almaqla Kiyevə kömək etmək niyyətindədir.
Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Fransanın Xarici İşlər Nazirliyi çaşqınlıq içindədir. İrəvanın Moskva ilə daha bir əlaqəni zəiflətməyə hazır olduğu barədə məlumat artıq sızdırılıb. Uzun illərdir ki, Ermənistan Rusiyadan taxıl alır: “İndi isə siyasi səbəblərə görə ermənilər Moskvadan "özlərini ayırmaq" və taxılın bir hissəsini Ukraynadan almaqla ona kömək etmək istəyirlər. Lakin məsələ burasındadır ki, Ukrayna taxılı iki dəfədən çox bahadır. İrəvanın vurğuladığı kimi, bu, prinsip məsələsidir - dostluq dostluqdur, pul puldur. Brüsseldən tələb olunur ki, Ukrayna taxılının artıq dəyəri kompensasiya edilsin. Avropa İttifaqının “üç qarşılığında bir” təklifi də maraqlıdır: Ermənistan üçün taxıl, Kiyevə dəstək və Moskva ilə İrəvan arasında inamsızlığın yaradılması. İndi əsas sual pulu haradan almaqdır. Ukrayna münaqişəsi, eləcə də Rusiyanı məğlub etmək istəyi səbəbindən Aİ ölkələri sosial-iqtisadi böhranın astanasındadır və büdcələri boşdur. Ukrayna taxılının pulunu oğurlanmış Rusiya aktivləri ilə ödəmək yaxşı olardı. Lakin indiyə qədər bu pulu bölüşdürə bilməyiblər. Bu məsələdə “obşak”ın (oğruların ümumi fondu-red.) sahibi olan Belçika tərəddüd edir. Aİ düşünür ki, sadəcə, indi pulu ödəyib daha sonra onu unutmaq yaxşı olardı. Lakin İrəvan davamlı olaraq pul ödəməli olacağı üçün bu mümkün deyil".
Press-relizin qeyri-adi tonu - ironik ifadəsi və jurnalist üslubu ilə - ekspertlər arasında çaşqınlıq yaradıb, çünki bu cür ritorika əvvəllər Rusiya kəşfiyyatının rəsmi hesabatlarında istifadə edilməmişdi.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Rusiya taxılından imtina etmək niyyətində deyil. Bu açıqlama onu göstərir ki, Rusiya kəşfiyyatı Paşinyanın xüsusilə xarici səfərlərdə danışıqlarını izləyir. Bu “İrəvanın öpüşü” də məhz şifrəli mesajdır. Görünən budur ki, Rusiya-Ermənistan münasibətlərində “taxıl müharibəsi” başlayır. Bu “savaş” haraya qədər davam edəcək və nə ilə bitəcək, demək çətindir. Hər halda, Kreml İrəvanın hər bir addımını təftiş edir və bu, razılaşdırılmış savaşa da bənzəmir. Rusiya-Ermənistan münasibətlərinin indiki durumu və konkret olaraq sözügedən iddialarla bağlı ekspertlərimizin maraqlı şərhləri var.
Sosial Təhqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qərb ölkələri Ukraynaya birbaşa dəstəklə yanaşı, dolayı dəstəklərini də əsirgəmirlər: “Bu baxımdan Ukrayna məhsullarını idxal edən bəzi ölkələrə stimullaşdırıcı təkliflər verirlər. Rusiyanın müvafiq orqanlarının məlumatında əslində elə bir məxfilik də yoxdur. Avropa İttifaqı Ermənistana taxılın bir hissəsini Ukraynadan almağı və bu zaman arada olan qiymət fərqini - Rusiya taxılına nisbətdə Ukrayna taxılı baha başa gəlir - ödəməyi öhdələrinə götürürlər. Ermənistan da bu halda "şaxələnmiş" siyasətini davam etdirir. Bir tərəfdən Rusiya ilə gömrük ittifaqındadır və ondan hərtərəfli bəhrələnir, digər tərəfdən də Qərblə əlaqələrini genişlədirir. Bu baxımdan, görünür, təklif Ermənistan üçün maraq doğurur".
S.Məmmədov qeyd etdi ki, İrəvan bir tərəfdən maliyyə itkisi olmadan Ukraynadan taxıl alır və ərzaq təhlükəsizliyinin təminatını diversifikasiya edir, digər tərəfdən də Qərbə inteqrasiyada ardıcıl olmasını nümayiş etdirir: “Bu isə Rusiyanın xoşuna gəlmir. Niyə? Çünki Rusiya ilə Ermənistan vahid gömrük ittifaqındadır. Rusiya öz taxılını yaxın qonşulara satmaqda daha maraqlıdır. Xüsusən Azərbaycan tərəfindən blokada götürüldükdən sonra Ermənistanla Rusiyanın ticarət imkanları genişlənib. Əslində Ermənistanın Ukraynadan alacağı taxıl Rusiyadan alacağı taxıla nisbətdə o qədər də çox deyil. Rusiyanın xoşuna gəlməyən hələ də özünü Rusiyanın strateji müttəfiqi sayan, onunla birgə gömrük və hərbi ittifaqda olan Ermənistanın ikili oyunudur”. O ki qaldı Rusiya kəşfiyyat orqanlarının bunu müəyyən etməsinə, S.Məmmədovun fikrincə, bu, Rusiyanın müvafiq orqanları üçün çətin olmayan məsələdir: “Amma burada bir məsələ də var. Əgər Ermənistan aldığı taxıla görə Avropa İttifaqının aradakı fərqi Rusiya aktivlərinin hesabına ödəyərsə, bu zaman Rusiyanın reaksiyası daha kəskin ola bilər”.
Siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Moskvanın “İrəvanın öpüşü” adlı press-relizi əslində kəşfiyyat qabiliyyətinin nümayişi deyil, siyasi təzyiq alətidir: “Rusiya bu yolla Ermənistan rəhbərliyinə açıq mesaj verir: "Sən nə qədər gizli danışıqlar aparsan da, bizə gizli qalmayacaqsan". Amma bu, kəşfiyyatın peşəkarlığından çox siyasi oyunun bir hissəsidir. Rusiya bu açıqlama ilə Paşinyanı ifşa etmək, onun Qərbə yönəlik addımlarını içəridən zəiflətmək istəyir. Məqsəd - Ermənistanı psixoloji təzyiq altında saxlamaq, ictimai rəy vasitəsilə Paşinyanın qərar azadlığını məhdudlaşdırmaqdır. Yəni “dinləmə” deyilən məsələ, sadəcə, informasiya toplamaq üçün yox, qorxutma effekti yaratmaq üçündür. Moskva bilir ki, Paşinyanın son vaxtlar Fransa və Aİ ilə yaxınlaşması, Rusiyanın təsir zonasını zəiflədir. Ona görə də bu tip “sızdırılmış məlumatlar” vasitəsilə həm Paşinyanı Qərb qarşısında etibarsız göstərmək, həm də İrəvanda daxili narazılığı artırmaq istəyir. Mətndəki ironik və jurnalistik üslub da bunun göstəricisidir - bu, diplomatik sənəd deyil, siyasi provokasiyadır".
T.İsmayılovun sözlərinə görə, Kreml artıq Paşinyanı nə müttəfiq, nə də tərəfdaş sayır: “Bu, münasibətlərin soyumasının və qarşılıqlı inamsızlığın bariz nümunəsidir. Paşinyanın dərhal "biz Rusiya taxılından imtina etmirik" deməsi də Moskvanın təzyiqinə verilmiş reaksiyadır. “İrəvanın öpüşü” təkcə Paşinyana yox, bütövlükdə Qərbə yönəlmiş bir siqnaldır: kim Rusiyanın təsir zonasını tərk etməyə cəhd edirsə, o, dərhal ictimai şəkildə “ifşa” ediləcək. Bu mənada, məsələ kəşfiyyat bacarığından çox, informasiya manipulyasiyası və psixoloji müharibə texnikasıdır. Rusiya beləliklə, özünün hələ də Ermənistanın “daxilinə baxa biləcək” qədər yaxın olduğunu nümayiş etdirməyə çalışır".
Siyasi ekspertin fikrincə, Fransanın çaşqın reaksiyası da təsadüf sayıla bilməz: “Çünki Qərb Paşinyanın bu qədər açıq şəkildə izlənilməsinə hazır deyildi. İndi İrəvan faktiki olaraq iki güc arasında qalıb: biri onu cəzalandırmaqla qorxudur, digəri isə dəstək vəd edir, amma iqtisadi yükü bölüşmür. Bu situasiyada Ermənistanın suveren qərar vermək imkanı xeyli məhduddur. Paşinyan Qərbə üz tutur, amma Moskvadan qopa bilmir; Moskva onu təhdid edir, tam itirmək də istəmir. Bu, ikili balans Ermənistan üçün təhlükəli vəziyyətdir - çünki hər iki tərəfin təzyiqi altında siyasi səhv ehtimalı artır. Son nəticədə ”İrəvanın öpüşü" Rusiyanın diplomatik sənədi deyil, siyasi sarkazm və hədə mesajıdır. Bu, Moskvanın artıq açıq şəkildə Paşinyanı diskreditasiya etməyə başladığını göstərir".








