Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.
Bizimyol.info xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək. Bu, 3.5 dəfə artım deməkdir. Toplanacaq bu yol vergisinin dövlət büdcəsinin tərkibində hansı məqsədli büdcə fondları arasında necə bölüşdürüləcəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
- Yol vergisinin artırılması vətəndaşların büdcəsinə necə təsir edəcək?
- Bu artım əhalinin nəqliyyatdan istifadəsinə təsir göstərə bilərmi?
- İqtisadiyyatın digər sahələrinə, məsələn, yükdaşıma və logistika xərclərinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Yol vergisinin artımı yalnız benzinin, dizelin və qazın qiymətləri artdıqda hiss olunacaq.
“Yol vergisinin artımı vətəndaşların büdcəsinə birbaşa təsir etmir. Təsir yalnız benzinin, dizelin və qazın qiymətləri artdıqda hiss olunacaq. Hazırda yol vergisi yanacağın qiymətinə daxil edilir. Məsələn; 1 manat 10 qəpiklik 92 markalı benzin və ya 1 manat 60 qəpiklik Premium benzinin qiymətində yol vergisi var və bu faiz üzrə dövlətə ödənilir. Dövlət bu vergidən öz gəlirini tənzimləyir. Əgər gələcəkdə qiymət artırmaq qərarına gəlsələr, bu, vətəndaşların xərclərinə təsir edəcək, amma indiki halda qiymətlər dəyişmədikcə təsir olmayacaq. Sadəcə SOCAR-ın dövlətə ödədiyi vəsait artacaq, yəni gəlirin strukturu dəyişəcək, vətəndaşların büdcəsinə birbaşa təsiri yoxdur. Yol vergisinin artırılması vətəndaşların büdcəsinə birbaşa təsir etmir, bu təsir yalnız yanacaq və qazın qiymətləri yüksəldikdə ortaya çıxır”-deyə Xalid Kərimli qeyd edib.









