"Azərbaycan siyasətində “köhnə qvardiya” anlayışı təkcə yaşla deyil, həm də düşüncə və davranış tərzi ilə ölçülməlidir".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert vurğulayıb ki, ölkənin istər hökumətdə, istərsə də müxalifətdə əsas mövqeləri uzun illərdir eyni simalar tutub:
"Bu şəxslər siyasi sistemin bədənində elə dərin kök salıblar ki, artıq onlar problemi həll edən deyil, problemin özünə çevriliblər. Müxalifət düşərgəsində illərlə eyni ritorika, eyni ittihamlar və eyni “repressiya hekayələri” səslənir. Bu düşərgədə yeni fikir daşıyıcıları, gənc lider potensialları üzə çıxmağa imkan tanınmır. Çünki “köhnə liderlər” öz siyasi miraslarından əl çəkmirlər və siyasəti şəxsi ambisiya səhnəsinə çeviriblər. Bir vaxtlar eyni cəbhədə çiyin-çiyinə olduğu, “bir qabdan yemək” yedikəri keçmiş dostlar bu gün bir-birinin “paxırını açmaqla” məşğuldur. Bu, təkcə etik deyil, həm də siyasi baxımdan iflasın göstəricisidir. Hakimiyyət daxilində də vəziyyət fərqli görünmür. İllərlə eyni strukturların başında qalan, yeni nəslə yol vermək istəməyən “qartımış” kadrlar sistemin çevikliyini və müasir dövrə uyğunlaşma gücünü məhv ediblər. Onlar inzibati aparatın hər səviyyəsində inkişafa maneə olan mental baryer yaradıblar. Nəticədə, cəmiyyət köhnə vərdişlərin, şəxsi maraqların və qorxuların əsirinə çevrilib. Bu mənzərənin ən bariz nümunələrindən biri Ramiz Mehdiyev olayında aydın görünür. O, illərlə hakimiyyətin ideoloji sütunlarından biri olub. Lakin sistem içində baş verən dəyişikliklər onun kimi fiqurların artıq yeni reallığa uyğunlaşa bilmədiyini göstərdi. R.Mehdiyev illərlə idarə etdiyi sistemin qurbanı oldu, çünki özü də həmin "köhnə qvardiya”nın formalaşdırıcısı idi".
Analitikə görə, bu hadisə həm də onu göstərdi ki, Mehdiyev təlimində “şəxsiyyətlər” sistemi “dəyərlər” sistemini əvəz edib:
"Mehdiyev təliminin əsas ana xətti yeniləri ya sıxışdırmaq, ya da onları alçaldaraq təslim etmək olub.. Bu isə cəmiyyətin siyasi inkişafını iflic vəziyyətə salınmasına hesablanmış laytihə idi.
Əgər "köhnə qvardiya" siyasətdən getməzsə, Azərbaycan siyasətində nə sağlam müxalifət yaranacaq, nə də sistem daxilində real islahat mümkün olacaq. Tərəflərin təhqir, ittiham, şəxsi hücum dili ilə danışdığı bir mühitdə “inkişaf” kəlməsi sadəcə ritorik bəzəkdən başqa bir şey olamayacaq.
Siyasət meydanı şəxsi kinlərin, köhnə intriqaların və keçmiş dostluqların qisas səhnəsinə çevrilib. Bu vəziyyətdə ən çox zərər çəkən cəmiyyətin gələcək nəslidir. Çünki onlar yeni düşüncənin, yeni üslubun, yeni siyasət mədəniyyətinin daşıyıcısı olmalıydılar, amma bu gün onlar özlərinə yer tapmırlar.
Çıxış yolu isə mərkəzçi siyasətdədir. Azərbaycan siyasətinin gələcəyi radikal çağırışlarda deyil, tarazlaşdırılmış, dövlət maraqlarını əsas tutan mərkəzçi xəttdədir. İlham Əliyev bu xətti təmsil edən, qətiyyətli, iradəli və güclü şəxsiyyətdir. O, yeni mərhələyə keçidi təmin edə biləcək yeganə siyasi fiqurdur və bu gücdədir. Lakin bunun üçün Prezidentin inandığı, müasir düşüncəyə, çevik idarəetmə qabiliyyətinə malik yeni bir komanda formalaşmalıdır.
Köhnələrdən, yəni qurduqları sistemi illərlə tarazlıq vəziyyətdə saxlayanlardan tərəddüd etmədən qurtulmaq lazımdır. Əgər bu mərhələyə keçid reallaşarsa, Azərbaycan siyasəti nəhayət ki, şəxsi münasibətlərin deyil, dövlət maraqlarının prioritet olduğu bir istiqamətə yönələcək".









