Məlum olduğu kimi, yanvar ayının 1-dən etibarən icbari tibbi sığorta sistemində mühüm dəyişikliklər qüvvəyə minəcəyi gözlənilir.
Yeni qaydalara əsasən, artıq işsiz və qeyri-rəsmi çalışan şəxslərin sığortasını dövlət deyil, həmin şəxslərin özləri ödəyəcəklər.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilən şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq.
Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Vətəndaşın icbari tibbi sığortadan imtina etmək hüququ varmı? Ümumiyyətlə, “icbari” hesab edilən bu mexanizmdən imtina hüququ qanunvericilikdə nəzərdə tutulubmu?
Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, bu mövzu hazırda gündəmi zəbt edən və bir çox vətəndaşları maraqlandıran məsələlərdən biridir:
“Əgər sığorta icbaridirsə, bu, o deməkdir ki, onun ödənilməsi məcburidir, yəni istər nəqliyyat vasitəsinin, istərsə də tibbi sığortanın növü olsun, fərq etmir, hər halda bu sığortanı ödəmək vacibdir.
Yeni qaydalara əsasən, işləməyən şəxslər belə icbari sığortanı öz hesablarına ödəməlidirlər. Hətta ödənişin vaxtında edilməməsi halında onlar müəyyən cərimələrlə üzləşə bilərlər”.
Hüquqşünas qeyd edib ki, bu tip qaydalarda müəyyən kateqoriya insanlara güzəştlər tətbiq edilməlidir:
“Məsələn, “Dövlət rüsumu haqqında” qanunda müəyyən kateqoriya şəxslər bu şəkildə təsbit olunub. Bunlar məcburi köçkünlər, qaçqınlar, müharibə veteranları və digər imtiyazlı şəxslərdir. Hazırda edilən dəyişikliklərdə də bu hallar nəzərə alınmalıdır.
Yəni kateqoriyalar dəqiq müəyyən edilməli, həmin kateqoriyaya daxil olan şəxslər icbari tibbi sığorta ödənişindən azad olunmalıdırlar. Əks halda, bu, vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər”.









