
Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub. Bu barədə komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, iclasın bu gün - fevralın 27-də keçirilməsi planlaşdırılır.
Novruz bayramı ərəfəsi əfv gözləntisi artıbmı? Tanınmışlardan kimlərin adları siyahıya düşə bilər?
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, ötən iclasda 100-dən artıq müraciətə baxılıb və müvafiq rəylər hazırlanıb.
“Sabah da iclasımız davam edəcək. Güman edirəm ki, iclaslarımız hələ davam edəcək. Yəqin ki, Novruz bayramında yox, daha sonrakı müddətlərdə əfv sərəncamını görmək ehtimalımız daha yüksəkdir. Komissiyaya 100-lərlə müraciət daxil olub. Biz bu müraciətləri obyektiv olaraq hərtərəfli araşdırırıq.
Konkret olaraq kimlərin əfv üçün müraciət etdiyini açıqlaya bilmərəm. Bu, konfidensial və şəxsi məlumatlardır. Son qərarı Əfv Komissiyası deyil, cənab Prezident qəbul edir. Bu il “Konstitusiya və Suverenlik İli” elan edilib. Çox güman ki, bu münasibətlə əfv sərəncamının olmasının böyük əhəmiyyəti var.
Bütün kateqoriyadan olan məhbuslar əfv üçün müraciət edib. Şəxsiyyət və mülkiyyət əleyhinə cinayət etmiş şəxslər, dövlət idarəçiliyi əleyhinə cinayət törətmiş şəxslər, narkotik istifadəçiləri, nəqliyyat cinayətləri ilə bağlı həbs edilənlər, bir sözlə, Cinayət Məcəlləsində nəzərdə tutulmuş bütün kateqoriyadan cinayətlər üzrə müraciətlər hər zaman olub və yenə də var. Onlar arasında hərbçilər, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də var. Müraciət edənlər içində qadın məhbusların və yetkinlik yaşına çatmayan şəxslərin sayı az deyil. Hər bir məhkum əfv üçün müraciət edə bilər. Lakin əfvdə əsas odur ki, şəxs etdiyi cinayətin ağırlıq dərəcəsindən asılı olaraq müəyyən müddətdən sonra müraciət edə bilər. Xüsusilə ağır cinayət törətmiş şəxslər cəzasının yarısını çəkdikdən sonra əfv üçün müraciət edə bilər. Az ağır cinayət törətmiş şəxslər cəzasının üçdə birini çəkdikdən sonra əfv oluna bilərlər. Böyük ictimai təhlükə olmayan cinayət törətmiş şəxslər isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən dərhal sonra müraciət edə bilərlər. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər isə cəzasının 10 ilini çəkdikdən sonra müraciət hüquqları yaranır.
Hətta vətənə xəyanətə görə həbs olunanlar da əfv üçün müraciət edə bilərlər. Burada hər hansı məhdudiyyət yoxdur. Lakin müraciət hüququnun olması şəxsin əfv olunacağı anlamına gəlmir. Bu, Cənab Prezidentin verəcəyi qərardan asılıdır".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, həmkarları ilə birgə siyahı hazırlayıb və onu Əfv Komissiyasına təqdim edib: “Orada jurnalistlərin, blogerlərin adı var. Biz bundan öncə çox adamla, daxili işlər naziri Vilayət Eyvazovla, ombudsmanla görüşüb demişik ki, istəyərdik ki, bu şəxslər əfv olunsun. Bizim siyahıda həbs olunan bütün tanınmış şəxslərin adı var. Onlardan biri də Əvəz Zeynallıdır. Siyahımız genişdir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti konstitusiya ilə ona verilmiş hüquqlara görə, müxtəlif məhbusların azad olunması barədə əfv sərəncamı imzalayır. O bunu adətən bayram ərəfələrində edir. Əfvin kimlərə şamil olunması barədə tövsiyəni Prezident yanında Əfv Komissiyası verir.
Geniş məhbus sayını əhatə edən sərəncamlar adətən Novruz və ya 28 May Müstəqillik günü kimi önəmli bayramlar ərəfəsində verilir.
Məhkum olunmuş şəxsin şəxsi məlumatları ərizədə yazılmalıdır. Onun barəsində hökm çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu və digər məhkəmə instansiyalarının nəticəsi, aldığı cəza növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer ərizədə göstərilir.
O cümlədən məhkumun səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar da müraciətdə öz əksini tapmalıdır.
Ərizədə məhkumun törətdiyi əməldən peşimanlıq çəkməsini, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər halları göstərməsi arzu olunur.
Əfv haqqında ərizə Bakı şəhərində yerləşən Prezident Administrasiyasına(PA) göndərilir.
Ərizələr burada qeydiyyatdan keçir və əgər ərizə üçün tələblərə riayət olunmayıbsa, 10 gün müddətində ərizəçinin müraciətini baxılmamış saxlayır və həmin şəxsə bu barədə yazılı məlumatlar verir. Şəxs yenidən müraciət edə bilər.
Əgər göndərilən müraciət Əfv Məsələləri Komissiyasının səlahiyyətlərinə aid olmasa, ərizə müvafiq dövlət orqanlarına aidiyyəti üzrə baxılmaq üçün göndərilir.
Ərizədə bütün tələblər qorunubsa, baxılması üçün hazırlanır. Bunun üçün əfv məsələləri sektoru aidiyyətli qurumlara zəruri məlumatların toplanması üçün sorğular göndərir.
"Yeni Müsavat"