"Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edən cənab Prezident İlham Əliyevin hadisə ilə bağlı AzTV-yə verdiyi müsahibə rəsmi Bakının mövqeyini bir daha nümayiş etdirdi".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
O bildirib ki, ölkə başçısı baş vermiş qəza ilə əlaqədar sərt, prinsipial və qərarlı yanaşma sərgilədi:
"Azərbaycanın Rusiyadan tələbləri sadəcə beynəlxalq hüquq və insani dəyərlər çərçivəsindədir və rəsmi Moskva irəli sürdüyümüz bütün şərtləri qəbul etməlidir. Aydındır ki, təyyarəmiz Rusiyanın hərbi hava qüvvələri (HHM) qüvvələri tərəfindən kənar müdaxiləyə məruz qalaraq qəza edib. Təbii ki, bu qəsdən tərədilməyən bədbəxt hadisədir və motivlər artıq bəllidir".
Lakin deputat vurğulayıb ki, Kreml rəsmiləri təkzibolunmaz faktların olmasına rəğmən, dövlət ədəbinə, dövlətçilik ənənələrinə yaraşmayacaq tərzdə ritorika sərgiləməklə öz nüfuzlarına xələl gətirdilər:
"Belə olduğu təqdirdə, cənab Pezidentin fikirləri dövlətimizin suverenliyi və vətəndaşlarımızın təhlükəsizliyinin qorunması baxımından əhəmiyyətlidir. Ölkə başçısının hadisə baş verdiyi gün MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakdan geri qayıtması siyasi iradə və xalqımıza sədaqət nümunəsi idi.
Ölkə Prezidentinin nümayiş etdirdiyi qətiyyət və siyasi iradə dövlətimizin gücünün və prinsipial mövqeyinin ifadəsi kimi bütün dünyaya nümayiş etdirildi. Bununla da bir daha Azərbaycan dövlətinin məsuliyyətli və xalqına çox sədaqətli olduğu ifadə olundu".