Əsas Səhifə > Gündəm, Manşet > Rasim Əliyev rəsmi şəkildə məsuliyyətə cəlb edilməsə də...

Rasim Əliyev rəsmi şəkildə məsuliyyətə cəlb edilməsə də...


15-05-2024, 08:48
Rasim Əliyev rəsmi şəkildə məsuliyyətə cəlb edilməsə də...
“Adı "Tərtər işi"ndə hallanan general Rasim Əliyev sahib olduğu əmlakın böyük bir qismini satışa çıxarıb. Satışa çıxarılan mülklər içərisində Bakı kəndlərində hektarlarla torpaq sahəsi, üç villa, xırda və orta ölçülü onlarla obyekt var". Bu barədə diaaz.space-ya göndərilən məlumatda qeyd olunur.

Xəbəri verən qaynaq daha sonra bildirir: “Xeyli müddətdir ki, "Tərtər işi"nə görə məhkəmə prosesinə şahid qismində cəlb olunan, zərərçəkənlər və onların yaxınlarının ittihamına məruz qalan generalın sahib olduğu əmlakları satışa çıxarması onu tanıyanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi şəxslər hesab edir ki, general bununla adına olan əmlakların uzun siyahısından qurtulmağa, özünün “kasıb və təvazökar” obrazını yaratmağa çalışır. Görünür, general əmlakı ilə bağlı hansısa təftişin aparıla biləcəyindən ehtiyat edir. İkinci səbəb kimi isə generalın ölkəni tərk edə biləcəyi ehtimal olunur. Ola bilsin ki, Rasim Əliyevin məhkəmə proseslərinə davamlı dəvət edilməsi, məhkəmə zamanı zərərçəkənlərin onun ünvanına səsləndirdiyi ittihamlar generalı bərk narahat edib. Bu səbəbdən də generalın əmlakını sataraq ölkəni tərk edə biləcəyi istisna olunmur.

Xatırladaq ki, general Rasim Əliyev Tərtər prosesləri zamanı Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini vəzifəsini daşıyıb. General rəsmi şəkildə məsuliyyətə cəlb edilməsə də, zərərçəkənlər baş verən neqativ olaylarda onun rolunun kifayət qədər böyük olduğu qənaətindədir".

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda məmurların vəzifədən gedəndən sonra mal-mülklərini satması adi hala çevrilib: “Çünki əksər məmurlar həm də biznesmendir. Vəzifədə olduqları müddətdə bizneslərini genişləndirmək naminə ən müxtəlif adamları işlədir, işlər gördürür və pulların verməkdən yayınırlar. Və ya tikinti materialları, avadanlıqlar alıb pulunu vermirlər. Vəzifədə olanda mal sahibləri cınqırlarını çıxara bilmir, pullarını aktiv şəkildə tələb edə bilmirlər. Vəzifədən getdikdən sonra isə onlara hər tərəfdən hücumlar başlayır, hər kəs ona çatacaq pulu tələb edir. Bunlar da məcbur qalıb var-dövlətlərini satıb camaatın pulunu verməli olurlar. Bundan başqa məmurların bir çoxu Azərbaycanda milyonlar sahibi olandan sonra daha ölkəni bəyənmirlər. Böyük pullarını da vəzifədə olduqları müddətdə ölkədən çıxarıb xaricdə biznesə yatırırlar. Vəzifədən uzaqlandan sonra ölkədəki mal-mülklərini də satıb xaricə köçürlər”.

Natiq Ələsgərov deyir ki, Azərbaycanda bizneslə məşğul olmayan az məmur var: “Antikorrupsiya həbsləri də göstərir ki, məmurlar ciddi şəkildə büdcə pullarını mənimsəməklə məşğul olurlar. Yəni antikorrupsiya həbsləri büdcə talamalarının qarşısını almır. Məmurların gəlir deklorasiyası yoxdur deyə, həbsə alındıqdan sonra onlardan kimsə var-dövlətlərinin mənbəyini soruşa da bilmir. Çünki belə bir qanun da yoxdur. Odur ki, büdcə oğurluqlarının miqyası da kiçilmir. Müdafiə Nazirliyindən oğurluqlara gəlincə, hazırda Bakı Hərbi Məhkəməsində general Nizami Məmmədovun məhkəməsi gedir. Məlum olur ki, Nizami Məmmədov başının dəstəsi ilə Müdafiə Nazirliyindən 140 milyon manat oğurlayıblar. Bu məsələlər geniş şəkildə araşdırılıb. Yeni həbsləri də istisna etmək olmaz”.

Geri qayıt