Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “AAAF Park”ın aldatdığı vətəndaşa nüfuzlu nazir “tədbir görüləcək” vədini verib

“AAAF Park”ın aldatdığı vətəndaşa nüfuzlu nazir “tədbir görüləcək” vədini verib


7-01-2015, 18:11
“AAAF Park”ın aldatdığı vətəndaşa nüfuzlu nazir “tədbir görüləcək” vədini verib
DİA.AZ: - Son zamanlar "AAAF Park" yaşayış kompleksi ilə bağlı şikayət xarakterli məlumatlar səngimək bilmir. Məlumatların əksəriyyəti şirkət rəhbərliyinin vətəndaşları aldatması və bu kimi xarakter daşıyır. Məsələn bir müddət əvvəl yayılan məlumatda deyilirdi ki, "AAAF Park"-ın növbəti "qurban"ı Elmin Şirinov şirkət tərəfindən aldadılmasından giley edirdi:

"Bu ilin, yəni, 2014-cü il fevral ayının 2-də "AAAF Park" yaşayış kompleksinin VİP məhəlləsində yerləşən 9-cu binada mənzil üçün 35 000 AZN ilkin ödəniş etmişəm. Şirkətin kampaniyasına əsasən, qalan məbləğ 3 il ərzində ayda 278 AZN ödəmək şərti ilə razılaşdırılıb.

İndiyə qədər aylıq ödənişi vaxtında etmişəm. Mənə bildirdilər ki, bina bu ilin may ayında, ən geci isə, iyun ayında təhvil veriləcək. Artıq 6 aydır məni aldadırlar. Hazırda yoldaşım və iki azyaşlı övladımla kirayədə qalıram. Evin təmiri üçün saxladığm pulu da şirkətin məni aldatması səbəbindən kirayələrə xərcləmişəm. Aldığım maaşla isə ailəmi dolandırmağa çalışmışam.

Dəfələrlə "AAAF Park"-a müraciət etmişəm, hər dəfə” bu gün”, “sabah”- deyib məni aldadıblar. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyi binanın işini dayandırıb.Bizlik heç bir şey yoxdur.Mənim müqaviləm isə "AAAF Park"-ladır, FHN-lə yox. Qalmışam çıxılmaz vəziyyətdə".

DİA.AZ-a daxil olan son məlumatda isə bildirilir ki, artıq «AAAF Park»la bağlı vətəndaş şikayətlərinin artması səbəbindən şirkətin fəaliyyətinin təftiş olunması, şikayətlər üzrə tədbir görülməsi qərarı verilib.

Məlumatı verən qaynaq bildirir ki, bütün bu prosesin həyata keçirilməsi üçün maraqlıdır ki, eyni vaxtda bir neçə dövlət qurumuna - Vergilər Nazirliyi də daxil olmaqla, hüquq-mühafizə orqanlarına belə tapşırıq verilib.

Mənbənin diaaz.space-a söylədiklərinə görə, «AAAF Park»ın aldatdığı şəxslərdən biri bu günlərdə bölgələrin birində səfərdə olan nazirlərdən biri ilə görüşüb: «Bundan sonra həmin nüfuzlu nazir şirkətlə bağlı müvafiq tədbirin görüləcəyini vəd edib».

Onu da qeyd edək ki, həmin nüfuzlu məmurun kimliyi redaksiyamıza məlum olsa da, adın açıqlanması «hansısa məmurun «AAAF Park»ı hədəfə alması» kimi yozula biləcəyi səbəbindən bəzi məqamları özümüzdə saxlamaq qərarını verdik.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt