Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rəsmən MDB-nin ən stabil valyutası hesab olunan manata Azərbaycanda hörmət qoymurlar

Rəsmən MDB-nin ən stabil valyutası hesab olunan manata Azərbaycanda hörmət qoymurlar


6-01-2015, 09:41
Rəsmən MDB-nin ən stabil valyutası hesab olunan manata Azərbaycanda hörmət qoymurlar
DİA.AZ: - MDB-nin və Şərqi Avropanın ən sabit valyutası Azərbaycan manatıdır. Qeyd edək ki, bu barədə “Delovaya qazeta”nın (Belarus) “MDB və Şərqi Avropa ölkələrinin valyuta kurslarının dinamikası” adlı məqaləsində deyilib.

Məqalədə qeyd edilib ki, manat sabit valyutadır, böyük valyuta ehtiyatarı sayəsində son zamanlar faktiki olaraq Amerika dollarına bağlıdır.

“Dekabr ayında MDB və Şərqi Avropa ölkələrinin valyutaları arasında devalvasiya lideri 2013-cü ilin payızından sonra ilk dəfə olaraq Belarus rublu, 2014-cü ilin IV rübündə və II yarım illiyində isə rus rublu olub. Ümumilikdə isə 2014-cü ildə Ukrayna qriveni qiymətdən düşüb. Neft-qaza əsaslanan Azərbaycan manatı böyük valyuta ehtiyatları sayəsində son zamanlar faktiki olaraq Amerika dollarına bağlıdır. Öz valyutasının il boyu devalvasiyasına yol verməyən yeganə ölkə Azərbaycandır. Manat hətta dollara nisbətdə 0,01% möhkəmlənib” , - materialda deyilir.

DİA.AZ bildirir ki, manatın belə bir reputasiyasının olmasına rəğmən bu valyutanın öz vətənində situasiya tamam fərqlidir. Aşağıdakı materialdan da aydın olur ki, manata Azərbaycanda o qədər də etibar olunmur. Halbuki ciddi dairələr arxasında cidd kapitalın dayandığı milli valyutamıza fərqli qiymət verməkdədirlər...

Həmin materialı diaaz.space olaraq təqdim edirik:

"Son vaxtlar neftin qiymətinin sürətlə ucuzlaşması, neft ixrac edən bir çox ölkələrin iqtisadiyyatına mənfi təsirini göstərir. Artıq yaxın qonşumuz Rusiyada rubl kifayət qədər dəyərini itirdi. Rusiyada baş verən iqtisadi proseslər Azərbaycanda da öz təsirlərini göstərməyə başlayıb. Belə ki, artıq bəzi banklar, eləcə də kreditlə mal satışı həyata keçirən firmalar ehtiyatlanmağa başlayıblar. Bankların əksəriyyəti hazırda verilən krediti daha çox dollar şəklində təqdim etməyə çalışır. Bu proses bəzi ticarət müəssisələrində də müşahidə olunur. Belə ki, məişət texnikası, elektik avadanlıqları və digər bu kimi mallar satan mağazalar satdıqları malın qiymətini manatla göstərib, pulu manatla alsa da, kredit müqaviləsini dollarla bağlayırlar.

İqtisadçı Rəşad Həsənov deyir ki, manatla kreditlər göstərilsə də, həmin ticarət müəssisələri kreditləşmə əməliyyatını banklarla həyata keçirirlər: “Kreditləşməni ticarət müəssisəsi özü etmir. Belə olduğu təqdirdə də təbii ki, banklar bu müəssisələrə diktə edirlər. Çünki uzunmüddətli perspektivdə manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil. Burada qanun pozuntusundan söhbət gedə bilməz. Mərkəzi Bank tərəfindən satış müəssisələrinin kreditləşməni həyata keçirməsi qadağan olunub. Burada banklar öz maraqlarını müdafiə edirlər. Məcburdurlar ki, öz vəsaitlərini dollar şəklində təqdim etsinlər."

Digər tərəfdən isə kreditləşmə ticarət müəssisəsi tərəfindən həyata keçirilsə, qanun pozuntusundan söhbət açıla bilər: “Əgər satış mağazası kreditləşməni özü həyata keçirirsə, bu qanuna ziddir. Bu zaman belə müəssisə öz maraqlarını qorumağa məcburdur. Sizin razılığınız olmadan bunu edə bilməz. İstehlakçı da məcbur olur ki, bankın və ya ticarət müəssisəsinin təqdim etdiyi şərtlərlə razılaşsın.”

Ekspertin fikrincə, burada qazanan tərəf ticarət müəssisəsi olacaq. Əgər mal və xidmətləri manatla əldə etsəniz, bu zaman ticarət müəssisəsi itirən tərəf ola bilər: “Bu il bu proses daha da sürətlənəcək. Böyük ehtimalla banklar artıq manatla kredit verməyəcəklər. Sahibkarlıq və istehlak kreditləri dollarla veriləcək. Bir məsələni də qeyd edim ki, kredit müqaviləsinin bütün valyutalarla təqdim edilməsinə Azərbaycan qanunvericiliyi imkan verir.”

R. Həsənovun sözlərinə görə, bu il Azərbaycan manatının dəyər itirməsi istənilən halda baş verəcək: “Nəzərə alsaq ki, mart ayında ABŞ Federal Rezerv Bankı tərəfindən uçot dərəcələrinin qaldırılması ehtimalı çox yüksəkdir. Belə olduğu təqdirdə təbii ki, dolların kursu yüksələcək. Azərbaycanda manatın arxasında neft ixracının dayanması və neftin qiymətinin sürətlə ucuzlaşması fonunda manatın defilyasiyanın qaçılmaz olduğu gözlənilir. Belə olduğu təqdirdə ola bilsin ki, 2015-ci ilin sonlarına yaxın Mərkəzi Bank məcburi şəkildə manatın yüngül şəkildə defilyasiyasına şərait yaratsın və manat dəyərini itirsin. Buna görə də bütün bunları nəzərə alaraq banklar öz vəsaitlərini həm nağd pul şəklində kredit verdikdə, həm də ticarət müəssisələri vasitəsi ilə prosesin kreditləşməsini həyata keçirdikdə dollar şəklində vəsaitləri təqdim etməyə üstünlük verirlər"."

Geri qayıt