Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər

Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər


Bu gün, 17:03

Cənubi Qafqaz regionu strateji mövqeyi və tranzit imkanları ilə beynəlxalq diqqətin mərkəzindədir. Xüsusilə Zəngəzur dəhlizi və "Tramp yolu" (TRIPP) layihəsi, Şərq və Qərbi birləşdirən əsas nəqliyyat tranziti kimi, region ölkələri və beynəlxalq aktorlar üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət kəsb edir. Avropa İttifaqı (Aİ) bu layihələrdə iştirak imkanlarını diqqətlə qiymətləndirir. Belə ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib ki, "Tramp yolu" layihəsi Ermənistan və ABŞ arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanan bəyannamədə əksini tapıb. O qeyd edib ki, sənədə əsasən, layihə Cənubi Qafqazda kommunikasiyaların açılması çərçivəsində həyata keçiriləcək və Azərbaycanın Naxçıvanla əlaqəsini Ermənistan ərazisi vasitəsilə təmin edəcək.

Politoloq Məhəmməd ƏsədullazadəSherg.az-a açıqlamasında Avropa İttifaqının Zəngəzur yolundan istifadəsinin mümkün olduğunu qeyd edib:

"Zəngəzur dəhlizi Şərq və Qərbi birləşdirən əsas nəqliyyat tranzitidir. Bu yoldan yalnız digər ölkələr, xüsusilə Çin və Mərkəzi Asiya ölkələri deyil, həm də Avropa İttifaqı (Aİ) faydalana bilər. Çindən gələn yüklər birbaşa Orta dəhlizdən Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılır. Aİ bu dəhlizdə yaxından iştirak edir. Çünki bu, dəhliz geoiqtisadi və geosiyasi maraqlarına uyğundur. Aİ, Zəngəzur dəhlizinin açılmasında da Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılım siyasətini davam etdirir. Buna görə də İttifaq məsələləri yaxından izləyir və çalışır ki, layihənin əsas iştirakçıları olan Azərbaycan və Ermənistanı dəstəkləsin. Həmçinin o, tərəfləri Rusiyanın və İranın mümkün təxribat və təzyiqlərindən qorumağa çalışır".

Politoloq bu baxış bucağına əsasən ABŞ-la Aİ-nin Zəngəzur dəhlizinə yanaşmasının üst-üstə düşdüyünü söyləyib:

"Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğundur. Prosesdə yeni siyasi nizam formalaşır. Bu nizamda Aİ Cənubi Qafqazda fəal rol oynamağa çalışır. Buna görə də Zəngəzur dəhlizinə xüsusi diqqət göstərir".


Geri qayıt