Əsas Səhifə > Güney Press > Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı

Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı


Bu gün, 16:13

Təbrizdə “Koroğlu” tamaşasının səhnələşdirilməsi Şəhər Şurasının üzvü Həkimə Qafuri və bəzi radikal cərəyanlara mənsub şəxslərin etirazı ilə qarşılaşıb.

Kult.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Qafuri və onu dəstəkləyənlər tamaşada qadın sənətçilərin rəqs etməsi və oxumalarını qınayıb, bunu islam qaydalarına zidd olduğunu iddia ediblər.

Şəhər Şurasının üzvü Həkimə Qəfuri İslami İrşad İdarəsindən tamaşanın rejissoru Yaqub Camali Sadiqin fəaliyyət lisenziyasının ləğv edilməsini tələb edib.

Təbriz Şəhər Şurasının başçısı Qulamrza Əhmədi isə tamaşanın səhnələşdirilməsi üçün başçılıq etdiyi qurum və Təbriz bələdiyyəsinin məsuliyyət daşımadığını bildirib.

O, etirazları "vətəndaşların həssas və məsələlərə məsuliyyətli yanaşması" adlandırıb, əlaqədar qurumların tamaşada baş verən "pozuntulara" görə qanuni addım atacaqlarını söyləyib.

Təbrizli rejissor Yaqub Camali Sadiq isə etiraz və iradları əsassız hesab edib, narazıların Azərbaycan mədəniyyətindən xəbərsiz olduqlarını deyib.

O, Şəhər Şurasını məsuliyyət daşıdığı işlərlə məşğul olmağa çağırıb, tamaşanı müzakirə etmək əvəzinə qurumda mövcud olan korrupsiya və qanunsuz halları aradan qaldırmağı tövsiyə edib.

Qeyd edək ki, Təbrizdə səhnəyə çıxarılan “Koroğlu” tamaşasının nümayişi təbrizllərin rəğbəti ilə qarşılandığı üçün bir neçə gün daha uzaldılıb.

Biletlərin onlayn satışına başlanıldıqdan 1 gün sonra 5000 biletin satıldığı bildirilib.


Geri qayıt