Əsas Səhifə > Güney Press > Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar

Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar


Bu gün, 16:01

“Son 32 ildə Azərbaycanda hakimiyyətlə xalq arasında münasibətlərin gərgin saxlanması siyasəti müşahidə edilib. Bu siyasəti hakimiyyətdə Ramiz Mehdiyev, müxalifətdə isə AXCP həyata keçirib. Bu yolla Azərbaycanda dövlətə inamı sarsıtmaq istəyirdilər. Bunlar, vaxtilə yalan məlumatlar yayırdılar ki, guya Əbülfəz Elçibəy hakimiyyətin adamıdır. Bir çoxları, elə mən də buna müəyyən qədər inanmışıq. İndi məlum olur ki, Elçibəyin hakimiyyətlə əlaqəsi olmayıb və biz onu nahaq yerə ittiham etmişik. Əvəzində ortada Mehdiyev-Kərimli tandemi olub”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.

Nuriyev əlavə edib ki, Mehdiyev və Kərimlinin uzun illər işbirliyində olmasına şübhə yoxdur: “Siz 2003 və 2013-cü il seçkilərinə diqqət edin. Eləcə də bizim üçün müqəddəs olan Vətən müharibəsi zamanı bu qurupların fəaliyyətinə baxın. Bəziləri hətta ermənilərin hüquqları məsələsini gündəmə gətirirdi. Müharibənin əleyhinə çıxış edənlər də var idi. Məsələn, son 5 ildə Ramiz Mehdiyevin müharibə və qələbəmizə aid bir xoş sözünü eşitmisinizmi? Mən eşitməmişəm”.

C. Nuriyev Prezident Administrasiyasının sabiq rəhbəri R. Mehdiyevi və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Ə. Kərimlini nəzərdə tutaraq deyib:

“Bunların fəaliyyətinin mahiyyətində dövlətə, hakimiyyətə inamı sarsıtmaq dayanıb. Dövlətini və millətini sevənləri incidib, ictimai-siyasi proseslərdən iyrəndiriblər. Bununla rəy yaratmaq istəyiblər ki, biz, dövləti müstəqil şəkildə idarə edə bilmirik, buna layiq deyilik və s. Görürsünüzmü, son dövlərlər bəzi gənclər sovet bayrağı qaldırır və s. Bunlar sadə məsələlər deyil. Vətəndaşlarda dövlətə inamı, etimadı sarsıtmaq niyyəti olub ki, sovet imperiyasını bərpa etmək istəyənlərin işi asanlaşsın”.

Professor əlavə edib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) uzunmüddətli araşdırma aparmadan və əlində fakt olmadan ortaya iddia qoymur və ittiham irəli sürmür: “Məsələn, Cəmil Həsənlini danışdırdılar, gördülər ki, onunla bağlı bir şey yoxdur, sərbəst buraxdılar. Eləcə də Saleh deyir ki, ayda bu qədər pul verib və s. Bunlar hamısı faktlardır. Mən bu prosesdə başqalarını da görürəm. Həmin komanda da hakimiyyətdə təmsil olunan şəxslər, deputatlar və digərləri də ola bilər. Ancaq əsas məsələ yuxarıda qeyd etdiklərimdir. Uzun illər bizə hücum ediblər, “elə danışma”,- deyiblər. Bunlar Mehdiyevin komandası, “şilləvuran”ları idi”.


Geri qayıt