Əsas Səhifə > Güney Press > Kürəkənini öldürən kişinin qızı DANIŞDI
Kürəkənini öldürən kişinin qızı DANIŞDIBu gün, 15:43 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilmədiklərini deyiblər. Təqsirləndirilən Nuranə Məhərrəmova ifadəsində həmin gün keçirdiyi ağır əməliyyatdan sonra evə gəldiyini bildirib: "Evə təzəcə çatmışdım ki, Ədilin anası Raya xanımdan zəng gəldi. Ədil məni elə ağır vəziyyətdə qoyub mağazaya getmək adı ilə evdən çıxdı. Onun Süsənin yanına getdiyindən şübhələndim. Nə qədər zəng elədim, Ədil telefonu götürmədi. Anasına zəng etdim, mənə nalayiq sözlər və söyüşlər dedi. Ayın 19-u günü Ədil döyülmüş halda evə gəldi. Mən ondan bərk incik olduğumdan onu evə qoymurdum, atam dedi yazıqdır, pis vəziyyətdədir. Ədil dedi ki ölməyə sənin yanına gəlmişəm. Bunun nə demək olduğunu soruşanda, başa salacağını dedi. Niyə bu halda olduğunu soruşdum, dedi ki, Vüqarla dalaşıb. Özüm pis vəziyyətdə ola-ola, canım ağrıya-ağrıya ona dərman verdim yatdı. Evdə çörəkpulu yox idi, Ədil həmişə qazancını anasına aparıb verirdi, uşağına xərcləmirdi. Evdə pul olmadığından işlədiyim salona getdim. Müştərilər gəldi, iş başımı qatdı. Evdə atam, əqli qüsurlu qızım Fidan və Ədil vardı. Evə qayıdanda Fidanı evdə görmədim. Ədildən onun harada olduğunu soruşanda qovdum, getdi dedi. Ağlaya-ağlaya çıxıb onu axtarmağa başlayanda küçədə qabağıma çıxdı, evə gətirdim. Qızımı qovduğuna görə Ədillə mübahisə etməyə başladım, o da çığır-bağır salmağa başladı. Onun çıxıb getməsini tələb etdim. Mənə əl-qol atdı, vurmağa başlayanda atam araya keçdi. Ədil bu zaman mətbəxdəki bıçağı götürüb cumdu atamın üstünə. Mən Ədilin qolundan itələyəndə bıçaq fırlanıb divara dəydi, mən də tez onu götürüb çarpayının altına tulladım. Ədilə dedim get, sakitləşib qayıdarsan. Mən onu evdən sağlam yola salmışam. Bacım mənə sonra zəng etdi ki, Ədil Al Market-in yanında yıxılıb qalıb. Durub oraya getdim, onu yerdə üst-başı palçıqlı, uzanaqlı vəziyyətdə gördüm. Yatmaq istəyirəm, durmağa gücüm yoxdur deyirdi. Mən gələnə kimi o küçədə Ədilə nələr olub, bilməmişəm. Onu qaldırmağa gücüm yox idi, məcbur qonşunun əl arabasını gətirdilər, tanışımız Səbuhi onu qucağına alıb arabaya qoydu. Birtəhər Ədili götürüb evə gətirdik. Susuzluqdan yandığını deyib su istədi. Səbuhi kömək edib onun palçıqlı paltarlarını çıxaranda dedi ki, onun bədəni bütün yaradır, salamat yeri yoxdur. Tez həkim çağırdıq. Ona kimi əlimdən gələni süni nəfəs, filan hamısını etdim. Sonra anası Raya xanıma zəng etdim ki, Ədil yaralıdır, gəlin kömək edin, uşaqlarla təkəm. Mənim sübutlarım da var: şahidlərim, kamera görüntülərim də var. Bu işin ədalətli araşdırılmasını istəyirəm". Daha sonra növbəti məhkəmə 23 dekabra təyin olunub. Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |