Əsas Səhifə > Güney Press > “Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə”

“Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə”


Bu gün, 11:32

“Kəmalə Qaramollayevanın Mirzə Ələkbər Sabirin sözlərinə oxuduğu mahnını çox bəyəndim. “Pəncu-şeş” mahnımda mən bilərəkdən aranjimanı toyxana stili etmişdim. Çünki mən bunu kütləyə hesablayıb, qazanc mənbəyi üçün etmişdim. Başqa gəlirim yoxdur. Akademik aranjimana qulaq asanlar orta məktəbi yaxşı oxuyublar. Onlar zatən Nəsiminin “Məndə sığar ikən cahan” qəzəlini eşidiblər. Kütlə də var idi ki, ömründə kitab üzü açmamışdı. Mənim məqsədim bu idi ki, mən onlara da bu qəzəli eşitdirim, əzbərlətdirim. Mən bundan sonra Mirzə Ələkbər Sabirin başqa sözlərinə mahnı oxudum. Pandemiya dövrünə düşdüyü üçün onun piarı ilə məşğul ola bilmədim. Günü sabahdan onun piarı ilə məşğul olacam. Asif müəllimin Kəmalə Qaramollayeva üçün etdiyi bu layihəni çox bəyəndim. İstərdim Bakıya gələndə Asif Kərimovla birgə işləyim. İşə başlayanda pula çox ehtiyac olur. Ona görə də gəlir mənbəyi olan mahnılara üstünlük verirəm. Amma indi puldan da, pul qazanmaqdan da doymuşam. Həm də səs bişib, zövq dəyişib. İstəyirəm indi yaddaşlarda qalmaq üçün bir neçə mahnı ifa edim. Onlardan biri də elə Asif müəllimlə olar. Əgər o da qəbul edərsə mənim üçün şərəf olar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib.
O daha sonra əlavə edib:
“Pəncu-şeş” mahnısını ifa edəndə üzərimə çox gəldilər, hər kəs fikir bildirdi. Mən pul qazandım, amma Kəmalə xanım bu ifadan pul qazana bilməyəcək. Bəlkə də qazanacaq, amma mənim qazandığımı qazana bilməyəcək. Bunun səbəbləri çoxdur. Həm də tamaşaçı görür ki, kimin üstünə çox gəlirlər, onun tərəfini tutur. Kəmalə xanımın üstünə çox gəlmədikləri üçün bu mahnı ajetioaj yaratmayacaq. Bir sözə baxaram, bir də sözü deyənə. O sözü deyənlər nə oldu? Heç biri heç nə əldə edə bilmədilər. Hələ də toylarda məndən bu mahnını istəyirlər. El gücü, sel gücü. Xalqın məhəbbətinin qarşısını almaq olmur. Düşmənlərimə təşəkkür edirəm ki, məni gündəmə gətirib, populyar etdilər və mən bu mahnı vasitəsilə qazanc əldə etdim. O vaxt əsəbləşirdim, indiki ağlım olsaydı heç əsəbləşməzdim. Sən demə onların hamısı mənim xeyrimədir. Həmin piardan axtarıram sözün düzü”.
Afət Fərmanqızı fəxri ad istəyən həmkarlarından da danışıb:
“Fəxri adlarla bağlı real düşünən insanam. Ümumiyyətlə, ad verilməsinin əleyhinəyəm. Niyə görə? Mən heç vaxt eşitməmişəm desinlər ki, “Amerikanın xalq artisti Maykl Cekson”. Biz niyə elm təhsil, səhiyyə dalınca inkişaf etmiş ölkələrə gedirik? Onların təcrübələrindən istifadə etməliyik. İnkişaf etmiş ölkələrdə necə ki, adlar yoxdur, bizdə də olmamalıdır. Bu mənim üçün əhəmiyyətsiz bir şeydir. Mən özüm üçün gedib oxuyub pul qazanıramsa, mənə niyə dövlət ad verməlidir ki? Mən özüm üçün pul qazanıram, güzəranımı yaxşı edirəm. Utanmırlar da. Mən özümdən misal çəkirəm. Həm də o ad almaq istəyənlərə deyirəm. Xeyir ola, siz ad almalısız? Kim toy oxuyub fəxri ad alıbsa, bu onlara düşmür. Ya da kim toy oxuyubsa, illərdir özü üçün var-dövlət yığıbsa o ad almamalıdır, o gedib yaxşı vergi verməlidir. Gedib vergilərini versinlər, ondan sonra ad barədə fikirləşərlər”, - deyə müğənni bildirib.

Geri qayıt