Əsas Səhifə > Güney Press > “Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!”
“Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!”Bu gün, 17:13 |
|
Son 2 gündə eks-deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya edilməsi müzakirə mövzusudur. Bunun hüquqi müstəvidə doğru olmadığını iddia edən bəzi AXCP fəalları məsələyə siyasi don geyindirməyə çalışırlar. Musavat.com xəbər verir ki, sözügedən mövzuda miqrasiya məsələləri üzrə mütəxəssis, hüquqşünas Əlövsət Əliyev də öz fikirlərini bölüşüb. Ə.Əliyev bildirib ki, G.Hacıbəylinin Azərbaycana verilməsi ilə bağlı müxtəlif ittihamlar səsləndirilsə də, məsələ ilk növbədə hüquqi müstəvidə qiymətləndirilməlidir. Onun bildirdiyinə görə, bu kontekstdə ən vacib məqam ondan ibarətdir ki, bir dövlətin ərazisində yaşamaq icazəsinə malik olmaq siyasi sığınacaq üçün müraciət etmiş sayılmaq anlamına gəlmir: “2 illik (və ya istənilən müddətli) oturum icazəsi immiqrasiya hüququnun inzibati mexanizmidir, siyasi sığınacaq isə beynəlxalq hüququn və qaçqın statusunun tənzimlənməsi ilə bağlı ayrıca bir institutdur. Bu iki anlayış hüquqi baxımdan bir-birindən tam fərqlənir. Əgər Gültəkin Hacıbəyli Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etməyibsə, onun başqa bir dövlətin sorğusu əsasında deportasiya olunması mövcud beynəlxalq və milli hüquqi prosedurlar çərçivəsində həyata keçirilmiş addım kimi qiymətləndirilə bilər. Bu halda həmin prosesi avtomatik olaraq insan hüquqlarının pozulması kimi təqdim etmək hüquqi baxımdan mübahisəlidir və əsaslandırılmayıb. Bənzər hüquqi durum vaxtilə Hüseyn Abdullayev məsələsində də müşahidə olunub. O da Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etmədiyi üçün nəticə etibarilə Azərbaycana təhvil verilib. Digər tərəfdən, əgər Gültəkin Hacıbəyli Türkiyədə rəsmi şəkildə siyasi sığınacaq üçün müraciət etmiş olsaydı, beynəlxalq hüququn “geri göndərməmə” (non-refoulement) prinsipi əsas götürülərək, onun işi üzrə yekun hüquqi qərar qəbul edilənədək deportasiya edilməsi mümkün olmazdı”. Əlövsət Əliyev sonda bildirib ki, məhz bu səbəbdən sözügedən məsələ emosional yanaşmalar və siyasi simpatiyalar əsasında deyil, qüvvədə olan hüquqi normalar və prosedurlar çərçivəsində dəyərləndirilməlidir. Musavat.com Geri qayıt |