Əsas Səhifə > Güney Press > Rusiya Qarabağı Zəngəzurla “dəyişdi”

Rusiya Qarabağı Zəngəzurla “dəyişdi”


Bu gün, 15:51

Rusiya–Azərbaycan münasibətlərinin son zamanlar sakit görünməsinə baxmayaraq, Kremlin müəyyən planlarının olduğuna dair siqnallar var. Xüsusən Zəngəzur dəhlizi mövzusunda Moskva üçün həllini tapmayan məsələlərin olduğu deyilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu hesab edir ki, Rusiya–Azərbaycan münasibətləri sabit görünsə də, arxa planda ziddiyyətlər də mövcuddur:

“Rusiyanın uzun müddətdir Qərb cəbhəsində müharibələrə fokuslanması onun digər regionlarda (bu Yaxın Şərq – Suriya da ola bilər) və postsovet ölkələri üzərində təsirini zəiflədib. Xüsusilə də Mərkəzi Asiya, hətta Ermənistan kimi hələ də Rusiyadan iqtisadi asılılığı olan ölkələr bu gün Kremlə xoş gəlməyən müstəqil siyasət yürüdür.

Ümumiyyətlə, Rusiyanın avtoritar siyasətinə görə, postsovet ölkələri onun orbitindən kənara çıxa bilməz. Bu diktə tərzi Rusiya-Ukrayna müharibəsinə qədər daha açıq sezilirdi. Amma müharibənin təsirləri Moskvanı bir qədər geri addımlamağa məcbur etdi. Çünki Rusiya üçün bir əraziyə nəzarət onun hərbi kontingentinin və siyasi dairələrinin həmin ərazidə mövcud olması ilə hasil olur. Ermənistanın sərhədlərinin və Gümrüdəki 102 saylı hərbi bazanın hələ də mövcud olması buna açıq misaldır. Eyni zamanda Rusiya hər zaman keçmiş münaqişələri əlində rıçaq kimi saxlayır. Qarabağ münaqişəsinin doğru zamanda öz həllini tapmasına baxmayaraq, Kreml hələ də bunu tərəflər arasında gərginlik tempini idarə etmək üçün bir vasitə kimi görür”.

Rusiya Qarabağı Zəngəzurla "dəyişdi" - Kremlin daha bir hədəfi...
Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, həm Moskva ilə Bakı arasında daha əvvəl baş verən gərginlik, həm də bu gün Ermənistan daxilində baş nazir Nikol Paşinyana qarşı aparılan kampaniya və etirazlar məhz Qarabağ məsələsi üzərində köklənib:

“Yəni Kreml Ukrayna müharibəsində öz xeyrinə dönüş əldə edərsə, bu, onun cənub qonşularına qarşı, hətta Mərkəzi Asiya istiqamətində gərginliyi davam etdirməsinə zəmin yarada bilər.

Bu halda Qazaxıstanın da Moskvanın hədəflərindən biri olması mümkündür. Çünki Rusiyanın məqsədi bu gün Şərqlə Qərb arasında böyük nəqliyyat marşrutuna nəzarət etməkdir. Bu isə onun daha böyük strateji maraqlarını, yəni Qərbin bütün imkanlarının Rusiyanın üzərindən keçməsini təmin etmək cəhdini göstərir. Məhz ona görə Moskva ən kiçik, lakin ən əhəmiyyətli seqment olan Zəngəzur dəhlizi üzərində “payının” olduğunu tez-tez dilə gətirir.

Bir sözlə, Ukrayna müharibəsində Rusiyanın avantaj əldə etməsi gələcəkdə geosiyasi xəritələrin dəyişməsi və ən yaxşı halda Cənub və Mərkəzi Asiya regionlarında yeni cəbhənin meydana gəlməsi ilə nəticələnə bilər”.


Geri qayıt