Əsas Səhifə > Güney Press > Bu gün SSRİ, sabah Ermənistan

Bu gün SSRİ, sabah Ermənistan


Dünən, 17:01

Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadənin Bakıda SSRİ bayrağının qaldırılmasına münasibəti diqqət çəkib. O, Yenisabah saytına açıqlamasında bildirərkən deyib ki, ölkədə demokratiya var və bu, normal haldır.

Sitat: “Bilirsiniz, onlar da bir partiyadır. Azərbaycanda demokratiya var. Əgər onlar sözlərini belə deyirlərsə, qoy desinlər”.

Digər tərəfdən, noyabrın 26-da SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu konteksdə maraqlıdır, Bakıdakı aksiyanın “demokratiya” kimi qiymətləndirilməsi nə dərəcədə doğrudur? Arif Rəhimzadənin yanaşması düzgündürmü?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, ümumilikdə ölkə qanunvericiliyində hər hansı xarici, xüsusilə mövcud olmayan dövlətin bayrağının qaldırılmasının cinayət və ya inzibati xəta olması barədə norma yoxdur:

“Həmin şəxslər bayraq qaldırdıqlarına görə deyil, yəqin ki, ictimai asayişi pozduqlarına görə məsuliyyətə cəlb edilib. Bayraq qaldırmağın özü ilə bağlı hər hansı məsuliyyət nəzərdə tutulmur və bu, qanunvericilikdə ciddi boşluqdur, tənzimlənməlidir. Xüsusilə də Azərbaycanı işğal etmiş bir dövlətin bayrağının qaldırılması pozuntu kimi qiymətləndirilməlidir. Formal olaraq, Arif Rəhimzadə doğru deyir. Amma hesab edirəm ki, məsələ ayrıca qanunla tənzimlənməlidir. Bu gün SSRİ bayrağını qaldıranlar sabah Ermənistan bayrağını da qaldıra bilərlər. Belə hallar üçün konkret məhdudiyyətlər olmalıdır”.

Bu gün SSRİ, sabah Ermənistan - Sabiq deputatın reaksiyası müzakirə yaratdı

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, Arif Rəhimzadə vaxtilə deputat və parlament sədrinin müavini olduğu halda, belə bir qanunun qəbul edilməməsi suallar doğurur:

“Burada söhbət bütün bayraqlardan getmir. Məsələn, Türkiyə və Pakistan bayraqları ölkədə tez-tez qaldırılır və bu, normaldır. Söhbət Azərbaycana qarşı düşmən mövqedə olmuş dövlətlərin bayraqlarının qaldırılmasının hüquqi cəhətdən tənzimlənməsindən gedir”.

Xatırladaq ki, sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.


Geri qayıt