|

Elm və Təhsil Nazirliyi tərəfindən 2025-2026-cı tədris ili üçün 63 özəl məktəbəqədər təhsil müəssisəsinə qrant veriləcək. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.
Maraqlıdır ki, qrant layihəsinə start veriləndə əksər uşaq bağçalarında bir uşağa görə aylıq ödəniş həcmi 300 manat civarında idi. Bu isə o demək idi ki, dövlətin verdiyi qrant hesabına valideynlərin maliyyə öhdəliyi xeyli azalmışdı. Valideynlər ötən bir ildə bağçalara bir növ simvolik məbləğ ödəyirdilər.
Çox təəssüf ki, qrant alan bağçalar son bir neçə ayda aylıq qiymətləri 70-80 faiz artırıb. Bu qədər qiymət artımının iqtisadi əsasları təbii ki, yoxdur. Çünki ölkədə infilyasiya rəsmi statistikada tək rəqəmlə ifadə olunur.
Qiymət artımı ilə bağlı bəzi bağçalarla əlaqə saxladıq.
"Kaspi-kids" MMC Əhmədli filialından Bizim.Media-ya bildirildi ki, hazırda sutkalıq tarif üzrə bir aya görə qiymət 500 manatdır:
“Qiymətlər bu ilin may ayından qaldırılıb. Əgər uşaq Elm və Təhsil Nazirliyinin www.bq.edu.az portalı üzərindən qəbul olunubsa, o zaman valideyn hər ay 250 manat ödəməlidir”.
"Balaca Dahi" körpələr evi-uşaq bağçası MMC-dən də qiymət artımını təsdiqləyiblər. Bağçadan bildirilib ki, hazırda bir uşaq üçün aylıq ödəniş 550 manatdır.
Maraq üçün qrant almayan bəzi uşaq bağçaları ilə də əlaqə saxladıq. Məsələn "Uğur Kids” uşaq bağçasından Bizim.Media-ya bildirilib ki, hazırda bir uşaq üçün aylıq ödəniş 300 manatdır.
Təbii ki, qrant alan uşaq bağçalarında qiymətlərin süni şəkildə artırılması ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Mövzunu diqqətdə saxlayacağıq.
Geri qayıt
|