Əsas Səhifə > Güney Press > Bakı bərpa mərhələsində iştirak edəcək,
Bakı bərpa mərhələsində iştirak edəcək,Bu gün, 13:00 |
|
BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı ABŞ-nin qətnaməsini qəbul edib. Təhlükəsizlik Şurasında qətnamənin leyhinə 13 səs verilib, iki üzv bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən olmayıb. Ümumilikdə, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Qətnamənin bu qədər yüksək dəstəklə qəbul olunması göstərir ki, böyük dövlətlər Qəzza böhranının öz axarına buraxılmasının artıq mümkün olmadığını qəbul edir və beynəlxalq nəzarətdə keçid dövrünə razılaşırlar. Kağız üzərində baxdıqda, bu qətnamənin sabitlik üçün real təkan yaratması mümkündür. Çünki beynəlxalq mandatın olması həm humanitar yardımın təhlükəsizliyini, həm idarəetmə mexanizminin qurulmasını, həm də İsrailin hərbi aktivliyinin mərhələli şəkildə dəyişdirilməsini tənzimləyə bilər. Politoloq Turan Rzayev isə Sherg.az-a açıqlamasında deyib ki, bu cür missiyaların effektivliyi yalnız diplomatik razılıqla ölçülmür. Ekspertin fikrincə, qətnamənin uğuru bölgədəki aktorların reaksiyasından da asılı olacaq: "İsrail təhlükəsizlik zəmanətlərinin reallığına inanmadan tam geri çəkilməyə razılıq verməz. Eyni zamanda əraziyə göndəriləcək beynəlxalq sülhməramlı qüvvələrin hansı ölkələrdən ibarət olması da çox mühüm amildir. Məsələn, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-nin koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilir. İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir ki, xüsusilə çəkilir. Bu üçlük siyasi baxımdan tərəflər arasında neytral mövqedə durur. Fransa kimi Qərb ölkələrinin isə daha kiçik, daha çox texniki təhlükəsizlik və koordinasiya heyəti göndərməsi ehtimal edilir. Bəzi regional güclər - Türkiyə, BƏƏ və Qətərin danışıqlarda adları keçsə də, müxtəlif siyasi səbəblərə görə onlarla bağlı ya tərəddüd edilir, ya da iştirakları etirazla qarşılanır. Buna görə də Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin formalaşması ehtimal ki, “böyük qrup” deyil, məhdud sayda, daha çox əməliyyat baxımından uyumlu ölkələrdən ibarət olacaq. Yəni ümumiləşdirsək, əsas yükü müsəlman ölkələri daşıyacaq. Qərb isə logistika, koordinasiya və mandatın icrası üçün çərçivə dəstəyi verəcək. Lakin bu da məsələnin tam bitdiyi mənasına gəlmir". Analitik bildirib ki, Azərbaycanın adı hər nə qədər Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib: ""İsrail Hayom" qəzeti məlumat yayıb ki, bir neçə həftə əvvəl Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağı nəzərdən keçirən Azərbaycan, Qəzzada əsgərlərinin həyatını təhlükəyə atmayacağını bildirib. Rəsmi məlumat olmasa da, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıqdır, həm də başadüşüləndir. Daha dəqiq desək, rəsmi Bakı bunun əvəzində sabitlik mərhələsi, humanitar təhlükəsizlik və bərpa proseslərində iştirak imkanını açıq saxlayır. Bu yanaşma həm Azərbaycanın təhlükəsizlik prioritetlərinə, həm siyasi balansına, həm də regiondakı mövqelərinə uyğundur. Azərbaycanın bu kimi məsələyə yanaşması adətən iki paralel məntiqə söykənir. Ölkəmiz heç vaxt öz hərbi personalını yüksək riskli, müxtəlif qrupların silahlı müqavimət göstərə biləcəyi zonaya daxil etməyə tələsmir. Qəzzada hələ də tam demilitarizasiya aparılmayıb, silahlı qruplar mövcuddur və mandatın özünün icrası da xüsusi risklər yaradır. Buna görə Bakı “bərpa mərhələsi”ndə iştirak ideyasını daha təhlükəsiz və daha real hesab edir. Digər yandan, Azərbaycanın İsrail-Fələstin kimi məsələlərdə özünəməxsus balans siyasəti var. Məsələn, İsraillə strateji tərəfdaşlıq açıq faktordur, amma eyni zamanda Azərbaycan müsəlman bir ölkə olaraq ərəb dünyası və İslam əməkdaşlıq çərçivələrində də münasibətlərini qorumağa çalışır. Buna görə hərbi kontingenti birbaşa HƏMAS-a qarşı hərəkət edən beynəlxalq qüvvəyə daxil etmək Bakını siyasi baxımdan çətin situasiyaya sala bilər. Məsələyə İsrail prizmasından baxdıqda, Təl-Əvivin Azərbaycanın sülhməramlı qüvvələrinin bölgədə yerləşməsini dəstəklədiyini görmək olar. Əslində, bu da təəccüblü deyil. İsrail üçün Azərbaycan təcrübəli, intizamlı və müttəfiq hesab edilən tərəfdaşdır. Bakı isə öz növbəsində İslam dünyasında neytral mövqeyi ilə seçilən bir aktordur. Bu da bölgəyə hərbi qüvvə göndərən zaman mümkün etirazları yumşalda bilər. Yəni İsrail üçün Azərbaycanın iştirakı həm əməliyyat baxımından faydalı, həm də diplomatik baxımdan əlverişlidir". Geri qayıt |