|

Uzun illər Azərbaycan futbolunun adı olan “Neftçi” bu gün öz adına layiqli yerdə deyil. Həmişə futbol gündəmində olan klub dalğalı hərəkətlər, tez-tez məşqçi dəyişikliyi, bir neçə qələbə və ardından məğlubiyyətlərlə yadda qalır. Zərbələri ilə rəqib torunu silkələyəndə də, meydanda topa sahib çıxa bilməyəndə də ağ-qaralar azarkeş dəstəyi görür. Məğlub oyunçuların onlara inamını itirməyən azarkeş sarıdan bəxti gətirib desək yanılmarıq.
Buna səbəb isə klubun tarixi, uğurlarıdır.
“Neftçi” dəfələrlə həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi, Azərbaycan futbol tarixində 3 dəfə "Qızıl dubl" edən ilk komanda və avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub olub. Bütün bunlar bu gün “Neftçi”dən gözləntilərin çox olmasını labüd edir.
Həmçinin, klubun ölkə klubları içərisində müəyyən maddi büdcəyə və mənəvi dəstəyə sahib olması uğurlu nəticə əldə etməsinə maneə törətmir.
Lakin ağ-qaralar bir neçə ildir sürən uğursuzluqlarını davam etdirir.
Sonuncu dəfə isə klub ardıcıl məğlubiyyətə görə baş məşqçi Samir Abasovu istefaya göndərib. “Neftçi” 2023-cü ilin iyulundan 4 baş məşqçi dəyişib, nəticə isə gözlənilən deyil. Əvvəllər də kluba məşqçilik etmiş Samir Abasov ağ-qaraların çətin dönəmində gəldi və uğurlu nəticəyə söz verdi. Komanda da yığıldı, amma bir neçə qələbəni çıxmaq şərtilə gözləntilər özünü doğrultmadı. Mövsümün ortasında “Neftçi” yenə başsız qaldı.
Hazırda klub baş məşqçi axtarışında olduqları haqqında məlumat yayıb. “Neftçi”nin tarixində əvvəllər baş məşqçilikdən gedənlərin yenidən kluba qayıtması və uğur qazanması təcrübəsi var. Samir Abasova da bu baxımdan inam böyük idi. Çünki o, flaqmanın uğurlarında payı olan adamdır. Ona görə də klubun baş məşqçi ilə vidalaşması futbol gündəmində müxtəlif müzakirələrə səbəb olub.
Bəziləri uğursuzluqların baş məşqçidən qaynaqlanmadığını deyir, bəziləri isə yeni məşqçi ilə daha yaxşı nəticəyə nail olunacaqlarını dilə gətirir. Mediada və sosial şəbəkələrdə həm yerli, həm də xarici məşqçilərin namizəd kimi adları da çəkilir.
Marqlıdır ki, kim “Neftçi”yə baş məşqçilik edə bilər? Kimlər klubun əvvəlki gücünü, əzmini ona qaytaracaq?
Bu barədə fikirlərini Bizim.Media ilə bölüşən “Neftçi”nin sabiq futbolçusu Bəxtiyar Musayev Samir Abasovun istefaya göndərilməsi nəticəyə bağlı olan səbəbdir:
“Neftçi” kimi böyük klublar bu qədər səbr etmir
“Neftçi”nin həmişə gözləntiləri böyük olub və nəticələr qənaətbəxş olmadığna görə, rəhbərlik belə bir addım atıb. Samir Abasovun özünün də dediyi kimi, hər cür şərait yaradılıb, amma istənilən nəticə əldə olunmur. Bu da təbiidir, “Neftçi” kimi böyük klub bu qədər səbr etmir, qısa müddətdə nəcicələr əldə etmək istəyir.
Çox təəssüf ki, neçə ildir acı nəticələr qeydə alınır. Ona görə təəssüf edirəm ki, neçə il “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərmişəm. Mənə doğma klubdur və həmişə liderlər siyahısında olmağını arzulayıram”.
Müsahibimiz “Samir Abasovu kim əvəz edə bilər” sualına isə belə cavab verib:
“Rəhbərliyin üzərinə böyük yük düşür. Neçə ilərdir görürük ki, məşqçi dəyişikliyi çox olub, amma böyük nəticələr olmur. Ona görə də doğru yanaşılıb, işini bilən, işini sevən məşqçi gətirilməlidir ki, işin öhdəsindən gəlsin və “Neftçi”ni qısa bir zamanda layiqli yerlərə qaldırsın. Layiqli yer “Neftçi” üçün həmişə çempionluq olub.
Təəssüf ki, neçə illərdir “Neftçi”nin sevimli azarkeşləri həmin gözləntiləri görə bilmir. Burada böyük rolu məşqçi ilə rəhbərlik arasında əlaqləndirici şəxslər oynayır. Onlar bir körpü qurmalıdırlar. Eşitdiyimə görə, rəhbərlik klub üçün nə lazımdırsa, eləməyə çalışır. Amma nəticələr əldə olunmur. Düşünürəm ki, yaxşı bir məşqçi işi ilə və yaxud klubun idarəetməsinə futbolu bilən şəxsin dəvət olunması ilə qısa zamanda yaxşı nəticələr əldə etmək olar.
Biz dəvət alanda həmin komanda 6-cı yerdə mövsümü başa vurmuşdu. Yeni komanda qurduq və ilk ildə də çempionluğu təmin etdik. Üstündən bir az keçdi, heyətin yarıdan çoxu komandanı tərk etdi, yenə də yeni heyət qurduq və həmin il biz çempion olduq. Həmin ildə “Neftçi” komandası ilk dəfə olaraq avrokuboklara vəsiqə qazandı. Bunu özünütərif yox, belə bir təcrübə olduğu üçün misal çəkdim. Düzgün iş gedən zaman qısa zaman kəsiyində də böyük nəaliyyət əldə etmək olar”.
Tanınmış idman jurnalisti Natiq Muxtarlı problemin məşqçidə olmadığını düşünənlərdəndir. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Samir Abasov son 12 ildə Azərbaycanın ən uğurlu məşqçilərindən biri hesab olunur:
“Neftçi”nin problemi məşqçi problemi deyil
“Çünki son 12 ildə “Qarabağ”dan çempionluğu almağı bacaran yeganə komanda “Neftçi” və komandanın baş məşqçisi də Samir Abasov olub. Samir Abasov “Neftçi”də işlədiyi birinci dönəmdə komandanı çempion edib, ikinci mövsümdə isə “Qarabağ”la rəqabətdə gümüş medal alıb. Bu, çox böyük uğur idi.
Samir Abasov çempion olan il klub rəhbərliyinə avrokobuklarda uğur qazanmaq üçün heyəti gücləndirmək lazım olduğunu deyib. Samir Abasov həqiqətləri deyirdi, komandada olan çatışmazlıqları deyirdi, komandanın transfer siyasətinə etiraz edirdi. Çünki buna özü nəzarət eləmirdi, komandada olan başqa-başqa adamlar nəzarət edirdi. Əvəzində “Neftçi” həqiqəti deyən məşqçidən qurtulmaq istədi və “Qarabağ”dan çempionluğu almış məşqçini istefaya göndərdilər.
Sonra kluba ardıcıl əcnəbi məşqçilər gəldi və heç biri də heç bir nəticə vermədi. Son nəticədə komanda az qala elitanı tərk edirdi və məcbur qalıb, yenidən Samir Abasova müraciət etdilər ki, gəl, komandanı xilas et. O gəldi və komandanı xilas elədi, amma yenə də komandanın transfer siyasəti bərbad vəziyyətdə idi.
“Qarabağ”la rəqabət aparan bir komanda onun ehtiyatında oturan oyunçuları transfer etdi.
Söhbət Qara Qarayevdən, Ozobiçdən gedir.
Bu absurd idi, son nəticədə isə 34 yaşlı Abubakarı gətiriblər ki, “komanda bununla çempion olacaq”.
“Neftçi”də elə futbolçular var ki, gətirib onları 6 ay ehtiyatda oturdurlar və meydana çıxmırlar.
“Neftçi”nin büdcəsi “Qarabağ”ın büdcəsindən çoxdur, şəraiti də ondan yaxşıdır. Amma nəticəyə baxın. Bütün bunların hamısı idarəetmədən qaynaqlanır. Problem Samir Abasov idisə, bəs ondan öncəki məşqçilərin dövründə niyə “Neftçi” uğur qazana bilmədi?! Əgər sən məşqçiləri əlcək kimi dəyişirsən və uğur qazana bilmirsənsə, demək ki, problemi başqa yerdə axtarmalısan”.
“Neftçi” xalqın komandasıdır
Nə qədər ki, klub belə qeyri-peşəkar şəkildə idarə olunur, Samir Abasovu göndərib, Qriqorçuk (Müəllif: ukraynalı məşqçi Roman Qriqorçuk – 2024-cü il “Neftçi”-də baş məşqçi olmuş) gətirilsə də, heç bir uğur qazana bilməyəcək.
İndi “Beşiktaş”dan da idarəçilər, türk futbolundakını şounu “Neftçi”yə gətiriblər, Abubakarın da “Qarabağ”la oyunda ayağına top dəymədi, “İmişli” ilə oyunda da heç nə etmədi. Bu cür futbolçuları “Neftçi”yə gətirib şou yaratmaq laızm deyil.
“Neftçi” xalqın komandasıdır və sizdən nəticə tələb olunur. Nəyinsə düzəlməsini istəyiriksə, ilk növbədə idarəçilər dəyişməli və onlardan hesabat tələb olunmalıdır. Komandaya peşəkarlar gəlməlidir və ondan sonra hər şey qaydasına düşəcək”, - deyə müsahibimiz əlavə edib.
Geri qayıt
|