Əsas Səhifə > Güney Press / Partiya > "Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirmək, kölgə salmaq istəyirlər"

"Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirmək, kölgə salmaq istəyirlər"


Bu gün, 07:37

Britaniyanın “Daily Express” tabloidi iki gün əvvəl Azərbaycanı hədəfə çıxaran məqalə dərc edib. Məqalədə Azərbaycan “Rusiyanın keçmiş müttəfiqi” kimi təqdim edilir və “Ukraynaya gizli şəkildə qırıcı təyyarələr və qaz verdiyi” iddia olunur.

  • Məqsəd nədir? Azərbaycan Böyük Britaniya münasibətlərinə zərər verməkmi, Rusiya ilə münasibətləri gərginlşdirməkmi?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Böyük Britaniya Azərbaycana müttəfiq ölkələrdən biridir və İkinci Qarabağ savaşında Azərbaycanla bağlı müharibə ilə əlaqəli məsələnin BMT Təhlükəsizlik Şurasına daşınmasına əngəl olan jest etmişdi, bu jest heç vaxt yaddan çıxmamalıdır.

“Ümumiyyətlə, Britaniya-Azərbaycan münasibətləri normal məcrada inkişaf etməkdə davam etməkdədir. Təbii ki, bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. Bu, Britaniya nəşrlərində də ilk bu cür məqalə deyil, son da deyil, bundan sonra da ola bilər. Amma bu, münasibətlərimizə heç bir halda xələl gətirməməlidir.

Məlumdur ki, Qərb mediasının müxtəlif mənbələrə istinad etməklə, eləcə də müxtəlif mənbələrdən dəstək almaqla məqalələr dərc etməsi, müəyyən məsələlərə fərqli prizmadan şərhlər verməsi və sifariş aldığı siyasi dairələrin maraqlarına xidmət etməsi halları olur. Bu da həmin nümunələrdən biridir. Burada təkcə Azərbaycanla Böyük Britaniyanı üz-üzə qoymaq yox, daha çox Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq məqsədi güdür. Bu, faktiki olaraq feyk məlumatların mətbuat vasitəsilə ictimailəşdirilməsi ilə Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmaq məqsədi daşıyır”-deyə deputat qeyd edib.

Arzuxan Əlizadə vurğulayıb ki, bu məsələdə Azərbaycan-Böyük Britaniya münasibətlərinə müəyyən qədər kölgə salmaq niyyəti də var. Deputatın fikrincə, burada ikibaşlı bir oyun var: “İstənilən halda bu, Böyük Britaniya hökumətinin mövqeyi deyil. Məlumdur ki, Böyük Britaniya özü də Ukraynaya dəstək verməkdədir. Rusiyaya qarşı yönəlik siyasət yürüdülür. Böyük Britaniya hökuməti hər imkandan istifadə etməklə, Ukraynaya dəstək verməkdədir. Ukraynaya dəstək verən tərəfin öz mətbuatında bu cür “ifşa edilməsi” təbii ki, Böyük Britaniya hökumətinin maraq dairəsində deyil. Bu mövzunu maraq dairəsində saxlayan başqa tərəflər var. Daha çox Rusiyayönümlü qüvvələr, eləcə də Azərbaycana qarşı olan müəyyən qüvvələr ola bilər ki, bu cür məqalələrin, guya ifşaedici məqalələrin dərc edilməsi ilə Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirmək, kölgə salmaq istəyirlər”.

Deputat hesab edir ki, bu qüvvələr eləcə də Azərbaycanla Rusiya arasında növbəti bir gərginlik ocağı yaratmaq məqsədi güdürlər: “Bu kimi halları diqqət mərkəzinə almaq, bacardıqca önləmək lazımdır. Eyni zamanda bir qədər də o prizmadan yanaşmaq lazımdır ki, bu, Azərbaycana düşmən olan qüvvələrin maraqlarına xidmət edən mövqedir. Bu cür məqalələr heç bir halda Azərbaycan-Böyük Britaniya münasibətlərinə təsir etməməlidir”.


Geri qayıt