Əsas Səhifə > Güney Press / Partiya > Azərbaycan İsraillə niyə dost olmasın ki...

Azərbaycan İsraillə niyə dost olmasın ki...


Bu gün, 05:48

Regional diplomatiyada son aylarda artan qarşılıqlı səfərlər və siyasi dialoq Cənubi Qafqazda əməkdaşlıq formatlarının daha aktiv mərhələyə keçdiyini göstərir. Dövlətlər arasında əlaqələrin genişlənməsi həm iqtisadi maraqlara, həm də təhlükəsizlik mühitinin sabitləşməsinə xidmət edir. Bu çərçivədə İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfər etməyi planlaşdırması iki ölkə arasında siyasi, iqtisadi və turizm sahələrində artan dinamikanın növbəti göstəricisi kimi qiymətləndirilir. Rəsmi açıqlamalara əsasən, tərəflər regional proseslər, o cümlədən təhlükəsizlik məsələləri ətrafında dialoqu davam etdirir və mövcud əməkdaşlıq xəttini daha da möhkəmləndirməyə maraqlı görünür.

Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Azərbaycanla İsrail arasında iqtisadi və siyasi münasibətlərin bu gün yüksək səviyyədə olduğunu söyləyib:

"Azərbaycan xarici siyasət doktrinası qarşılıqlı əməkdaşlığı heç bir üçüncü dövlətin əleyhinə yönəlmiş addım kimi qəbul etmir. Buna görə də Azərbaycan-İsrail əməkdaşlığı nə İranın, nə Ermənistanın, nə Gürcüstanın, nə də Rusiyanın maraqlarına zidd addım hesab oluna bilməz. Bu əməkdaşlığın inkişafı hər iki ölkənin milli maraqlarına uyğun gəlir. 44 günlük Vətən müharibəsi zamanı İsrailin Azərbaycana mənəvi və siyasi dəstəyi ölkələr arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Hazırda da bu əməkdaşlıq beynəlxalq hüquq çərçivəsində genişlənməkdədir. Bununla yanaşı, yəhudi lobbisinin dünya siyasətində ciddi təsir imkanlarına malik olması Azərbaycan diasporası ilə həmin lobbi arasında əlaqələrin qurulmasını ölkəmizin dövlət maraqları baxımından faydalıdır. Hər bir ölkə kimi Azərbaycan da öz milli maraqlarını prioritet hesab edir. İsrail rəsmilərinin ölkəmizə səfəri də iki dövlət arasında iqtisadi və siyasi əlaqələrin inkişafına xidmət edən addımdır və üçüncü tərəflərə qarşı yönəlməyib. Azərbaycanın çoxmillətli və tolerant cəmiyyətə malik olması, ölkədə yaşayan yəhudi mənşəli vətəndaşların bərabər hüquqlara sahib olması bu münasibətlərin daha sağlam əsasda formalaşmasına şərait yaradır".

Analitik bəzi dövlətlərin Azərbaycanla İsrail arasındakı əməkdaşlığa qısqanclıqla yanaşdığını bildirib:

"Ümumi nəticə budur ki, Azərbaycan-İsrail əlaqələri beynəlxalq hüquqa uyğun şəkildə qurulub. Azərbaycan Qəzza və Fələstin məsələlərinə beynəlxalq hüquq çərçivəsində baxılması üçün İsrailə çağırışlar edib. Bu, tamamilə normal və diplomatik praktikanın tələblərinə uyğun mövqedir. İsrail rəsmilərinin Azərbaycana səfərləri də adi diplomatik proses kimi qəbul olunmalıdır və kənar tərəflər buna qısqanclıqla yanaşmamalıdırlar".


Geri qayıt