Əsas Səhifə > Güney Press > Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışır
Aİ Cənubi Qafqazdakı proseslərdə rolunu gücləndirməyə çalışırBu gün, 17:20 |
|
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun regiona son səfərləri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə məsləhətləşmələri Aİ-nin sülh prosesinə töhfəsi, regional əməkdaşlıq, nəqliyyat əlaqələri və humanitar məsələlərə yönəlib. Bu barədə "Report"un Avropa bürosuna Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper M.Qrononun regiona son zamanlar artan səfərlərini şərh edərkən bildirib. "Maqdalena Qrononun Bakıya bu yaxınlardakı və Ermənistana ötən gün yekunlaşan səfəri Azərbaycan və Ermənistanla yüksək səviyyəli müntəzəm məsləhətləşmələrin, eyni zamanda Qrononun hər iki ölkənin rəhbərliklərinin nümayəndələri ilə təmaslarının bir hissəsidir", - A.Hipper vurğulayıb. Onun sözlərinə görə, müzakirə edilən mövzular arasında təkcə siyasi deyil, minatəmizləmə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması da daxil olmaqla, humanitar məsələlər də olub. A.Hipper əlavə edib ki, Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qətiyyətli dəstəyini davam etdirir: "Biz uzun illərdir ki, hər iki tərəf və beynəlxalq tərəfdaşlarla birgə davamlı sülh üçün şəraitin yaradılması istiqamətində işləyirik. Aİ 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin layihəsi üzrə danışıqların yekunlaşmasını və 2025-ci ilin avqustunda iki ölkənin liderləri tərəfindən Ağ Evdə paraflanmasını alqışlayıb". A.Hipper əlavə edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və ratifikasiyası daxil olmaqla razılaşdırılmış bütün tədbirlər həyata keçirildikdən sonra tərəflərə əlavə dəstək göstərməyə hazır olduğunu bir daha ifadə edir. Geri qayıt |