Əsas Səhifə > Güney Press > “Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ

“Rusiya yönümlü qüvvələr” TƏHLÜKƏSİ


Bu gün, 17:17

“Seçkilərin Qazaxıstana səfər zamanı müzakirə olunacağı çox böyük ehtimalla gözlənilir.”

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Abutalıb Səmədov
Abutalıb Səmədov

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstan səfərində Azərbaycanla bağlı danışılacaq mümkün məsələlər barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Paşinyanın Qazaxıstana səfəri çərçivəsində Azərbaycanla bağlı məsələlərin müzakirə olunacağı şübhəsizdir. Çünki Qazaxıstan və Azərbaycan arasında hələ 2005-ci ildə strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müvafiq müqavilələr imzalanıb.

“Müzakirə ediləcək məsələlərin bir neçəsini qeyd etmək mümkündür. İlk öncə Qazaxıstanın Orta Dəhlizin imkanlarının genişləndirilməsində çox maraqlı olduğunu nəzərə almaq lazımdır. Bunun üçün Zəngəzur dəhlizinin mümkün qədər qısa müddətdə işə düşməsi vacibdir.

Paşinyan gələn ilin ortalarından bu istiqamətdə konkret işlərin başlayacağını bildirir. Lakin həm Qazaxıstan, həm də Azərbaycan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı işlərin daha sürətlə aparılmasında maraqlıdır.

Həmin dəhlizdən həm Azərbaycan, həm Qazaxıstan, həm də Ermənistan kifayət qədər gəlir əldə edəcək. Ermənistan üçün tranzit gəlirlərinin həcmi əhəmiyyətli dərəcədə olacaq. Cənubi Qafqazın iqtisadi əməkdaşlıq və sülh məkanına çevrilməsi üçün həm dəhlizin açılması, həm də sülh sazişinin imzalanması vacibdir.

Bu məsələ də çox böyük ehtimalla danışıqlar zamanı gündəmə gələcək. Lakin istər dəhlizin açılması, istərsə də sülh müqaviləsinin reallaşması üçün Paşinyanın parlament seçkilərində qələbəsi vacib sayılır. Rusiya yönümlü qüvvələr hazırda birləşməyə çalışırlar. ABŞ və Avropanın dəstəklədiyi Paşinyan tərəfdarları isə hələ lazımi birlik nümayiş etdirə bilmirlər. Başladığı islahatları davam etdirə bilməsi üçün Paşinyanın seçkilərdə qələbə qazanması vacibdir. Rusiya yönlü qüvvələrin qələbəsi nə Azərbaycanın, nə Türkiyənin, nə Avropanın, nə ABŞ-nin, nə də Qazaxıstanın maraqlarına uyğundur.

Şübhəsiz ki, sadalananlarla bağlı heç bir rəsmi fikir və ya bəyanat səsləndirilməyəcək. Lakin həm region, həm də Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edən Ermənistan seçkilərinin Qazaxıstana səfər zamanı müzakirə olunacağı çox böyük ehtimalla gözlənilir”, – deyə o, fikirlərini tamamlayıb.


Geri qayıt