Əsas Səhifə > Güney Press > "Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq"

"Zəngəzur dəhlizinin açılması regionda bu ölkələrin təsirini azaldacaq"


Bu gün, 16:56

"TRİPP adlandırdığımız Zəngəzur dəhlizində ABŞ-ın maraqları və bu dəhlizin açılması üçün göstərdiyi səylər Cənubi Qafqazda yeni və dinamik bir situasiya yaradır. Təbii ki, əvvəllər də ABŞ və digər Qərb dövlətlərinin regionda maraqları var idi, lakin Rusiya üstün mövqedə olduğundan digər aktorların regiona daxil olmasına imkan vermirdi. Ermənistan vasitəsilə Azərbaycan torpaqlarının işğalı faktından istifadə edərək regionu qapalı bir məkana çevirə bilirdi".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.

O bildirib ki, İran da bu vəziyyətdən yararlanaraq təsir gücünü artırırdı:

"Bu iki dövlət Cənubi Qafqaz regionunda özlərini hakimi mütləq hesab edirdilər. İkinci Qarabağ müharibəsi və Azərbaycanın bu müharibədə qalib gəlməsi regionda yeni situasiya və reallıqlar yaratdı.

ABŞ-ın Zəngəzur dəhlizinə maraq göstərməsinin bir çox səbəbləri var və artıq bu reallığı bütün dünya qəbul edir. İstər geosiyasi, istər iqtisadi, istərsə də nəqliyyat baxımından Zəngəzur dəhlizi regional və beynəlxalq müstəvidə əhəmiyyətli layihə hesab olunur".

Politoloq deyib ki, bu dəhliz Naxçıvanla maneəsiz əlaqələrin qurulması və sərbəst kommunikasiya baxımından bizim üçün böyük əhəmiyyət daşıyır:

"Obrazlı desək, bununla Naxçıvanın illərlə davam edən blokadasına son verilmiş olacaq. Çünki bu dəhliz vasitəsilə avtomobil, dəmir yolu, enerji və hətta rəqəmsal infrastrukturun qurulması belə mümkündür.

Bu marşrut beynəlxalq yükdaşımaları baxımından Ermənistanın özü üçün də əvəzsizdir. Ermənistan hakimiyyəti kapitulyasiyadan sonra bunu dərk edirsə və köhnəlmiş düşüncələrindən imtina edə bilirsə, bu, onların özləri üçün də böyük irəliləyiş deməkdir.

Zəngəzur dəhlizinin beynəlxalq miqyasda Avropa və Asiya arasında əsas logistik mərkəzlərdən biri olacağı şübhəsizdir. TRİPP marşrutu Avropa, Türkiyə, Mərkəzi Asiya və Çin arasında əsas nəqliyyat xəttinə çevriləcək".

Onun sözlərinə görə, TRİPP vasitəsilə ABŞ-ın regiondakı maraqları bölgəmizdə yeni situasiya yaradaraq Rusiya və İranın, həmçinin regionu öz təsirinə salmaq istəyən digər güclərin təsirini azaltmaqla balansın formalaşmasına şərait yaradacaq:

"Bununla da uzun illər qapalı məkana çevrilən Cənubi Qafqaz açıq və dinamik bir coğrafiyaya çevriləcək. Bu layihə regionun iqtisadi inkişafı ilə yanaşı dayanıqlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək. Layihə ABŞ ilə Mərkəzi Asiya arasındakı əlaqələri də gücləndirəcək və Zəngəzur dəhlizi praktik olaraq ABŞ-ın geosiyasi strateji hədəfinin əsas investisiya və diplomatik keçidinə çevriləcək".


Geri qayıt