Əsas Səhifə > Güney Press > Kərə yağı niyə bahalaşır?

Kərə yağı niyə bahalaşır?


Bu gün, 15:02

2025-ci ilin ilk üç rübündə Azərbaycana kərə yağı idxalının dəyəri artıb, yerli istehsal isə geriləyib. Bu, supermarket vitrinlərində də özünü göstərir. Daxili bazarda qiymət və tələbat üzrə illik artım tempi isə 2022-ci ildə qeydə alınan səviyyəni üstələyib.

Banker.az xəbər verir ki, keçən il bir ton üzrə orta idxal qiyməti təqribən 5 474 dollar olan kərə yağının builki qiyməti 7 267 dollara yüksəlib. Bu isə kərə yağının orta idxal dəyərinin 32.8% bahalaşdığını göstərir.

Daxili bazarda 2025-ci ilin əvvəlində xarici istehsal olan kərə yağının orta qiymətləri yüksəlməyə başlayıb və ikirəqəmli artım dinamikasına keçib. Daxili bazarda bir kiloqram daxili istehsal kərə yağının orta qiyməti ortalama 21.3 manat, idxal olunan isə 24.48 manat təşkil edib. Müşahidələrimizdə əsasən Yeni Zelandiyadan olan kərə yağlarının artıq bir kiloqram üzrə 26 manat ətrafına qalxdığı müşahidə edilir. İllik müqayisədə daxili istehsalın 6%, xarici istehsalın isə 14% bahalaşdğı müşahidə edilməkdədir.

Bu il ümumilikdə bu bazarda qiymətlər son illərin ən yüksək artığı il sayılır. Aprel və iyun aylarında kərə yağının bir kiloqramı illik 20% artım göstərib ki, bu da 2022-ci ilin sentyabrındakı ən yüksək dinamika olan 19%-i üstələyir. Həmin dövrdə geosiyasi risklər, xüsusən də Rusiyanın Ukrayna üzərindəki başladğı işğaldan qaynaqlanan qida-zəncirindəki qırılma riskləri ilə bütün ərzaqlar kimi kərə yağıda bahalaşmışdı.

Bu arada Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri isə daxili istehsalda da vəziyyətin narahatlıq doğurduğunu deməyə əsas verə bilər. Belə ki, ilkin olaraq yanvar-oktyabr ayları üzrə müddətdə daxildəki zavodların istehsalı 22 115 tona düşüb. Bu öncəki illə müqayisədə 10.4% azalmadır.

Xaricdən idxal düşüb. Bu ilin ilk doqquz ayında ölkəyə 15.1 min ton kərə yağı idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır. İdxalın dəyəri isə 110 milyon dollar təşkil edərək, 2024-cü ilin göstəricisi ilə müqayisədə cüzi — 0.6% azalıb.

İran 2024-cü ildə bazarın əsas tədarükçüsü olsa da, 2025-ci ildə ölkədən gətirilən kərə yağı 52% azalaraq 12.7 min tondan 6.05 min tona düşüb. Bunun əvəzində digər ölkələrin payı ciddi artıb.

2025-ci ildə idxalda diqqətçəkən yeniliklərdən biri Səudiyyə Ərəbistanı və Hindistandan kərə yağı idxalının başlamasıdır. Səudiyyədən 1 178 ton, Hindistandan isə 429 ton məhsul gətirilib.

Yeni Zelandiya ən böyük tədarükçülərdən biri olaraq qalır. Lakin ölkədən idxal həcmi 24% azalsa da, orta qiymət əhəmiyyətli dərəcədə – 19% bahalaşıb. Məsələn, bir tonun qiyməti ötən ilin ilk üç rübün sonuna orta hesabla 6 539 dollar idisə, bu il qiymətlər 7 765 dollar olub.

Belarus, Ukrayna, Finlandiya və Almaniyadan idxalda da həm həcmi, həm də qiymət baxımından artımlar müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanda hökumət hələ kərə yağının idxal rüsumundan azad edib.


Geri qayıt