Əsas Səhifə > Güney Press / Partiya > “Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı”

“Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı”


Bu gün, 11:57

Maliyyə naziri Sahil Babayevin Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Neft Fondundan dövlət büdcəsinə transfertin miqdarının 1,7 milyard azalacağını deməsi müzakirə yaradıb. Hazırkı bahalaşma şəraitində bu məbləğin pensiyaların artırılmasına yönəldilməsi məsələsi gündəmə gətirilib.

Bu barədə Pravda.az-a fikirlərini bölüşən sabiq deputat Tahir Kərimli deyib ki, Neft Fondundan dövlət büdcəsinə transfertin miqdarının sabit saxlanılması, yaxud artırılmaması müsbət sayıla bilər.

"Məsələn, Norveç müəyyən kvota müəyyən edib, ancaq pensiya fondunun büdcəsi 1 trilyona yaxındır. Buna görə də transfert məsələsi cüzi miqdarda olur. Bizdə isə bu qərar özünü büdcə yığılmaları güclü olanda doğrulda bilərdi. Gömrük xətti il vergi, yüksək istehsal səbəbindən büdcə kifayət qədər təmin olunardı. Yoxsa cərimələrin, Neft Fondunun hesabına büdcəni təmin etmək doğru qərar deyil. Əlbəttə, əlac yoxdursa, Neft Fondundan hər il 1,7 milyard, yaxud bundan az və ya çox miqdarda pensiyalara, “uşaqpulu”nun, maaşın artımına vəsait qoyula bilərdi. Bizdə güclü istehsal olsaydı, sənaye və kənd təsərrüfatı güclü inkişaf etsəydi, ticarət qaydasında olsaydı, monopoliya xalqın qazanmasına, dövlətə vergi verməsinə imkan versəydi, heç transfertə ehtiyac qalmazdı. Yalnız transfert hesabına büdcəni sabitləyib, təmin etmək məcburi, xoş olmayan addımdır. İstehsalın təşkilinə diqqət yetirmək lazımdır. Neft Fondumuz varsa, gələcək nəsillər üçün nəzərdə tutulub. Eyni zamanda insan amilinin inkişafına sərf olunmalıdır. Bu qədər bahalaşmanı kompensasiya edən əməkhaqqı və ya pensiya artımına təsir edən vəsait olardı. Yoxsa 1 milyard manat pul kütləsi çap etsək, bunun arxasında istehsal, maddi təminat durmursa, bu, boş kağızdan başqa bir şey deyil. Nəticədə, devalvasiyaya, inflyasiyaya səbəb olan amilə çevrilir”, - T.Kərimli bildirib.


Geri qayıt