Əsas Səhifə > Güney Press > Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdırBu gün, 16:42 |
|
Vaşinqton görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesində dönüş nöqtəsi kimi qiymətləndirilir. Tərəflər arasında imzalanmış tarixi sülh bəyannaməsi yalnız siyasi iradənin ifadəsi deyil, eyni zamanda müharibə səhifəsinin bağlanması istiqamətində real öhdəliklərin ortaya qoyulduğunu göstərir. Ermənistan parlamentinin sədri Sərkis Xandanyanın “Ermənistan və Azərbaycan yekun sülh sazişinə nail olmaq ərəfəsindədir” açıqlaması da Vaşinqtonda əldə edilən razılaşmaların prosesə verdiyi təkanı təsdiqləyir. Yekun sülh sazişinin imzalanması üçün isə hələ bir sıra mühüm məsələlərin həlli tələb olunur. Prosesin gələcək uğuru əsasən bu öhdəliklərin yerinə yetirilməsindən asılıdır. Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında 8 avqust Vaşinqton görüşünün və həmin görüşdə əldə olunan razılaşmaların sülhün əldə olunması istiqamətində çox mühüm addım olduğunu vurğulayıb: "Bu baxımdan Vaşinqtonda paraflanan sülh sazişi və imzalanan üçtərəfli bəyanat tərəflərin siyasi iradəsini əks etdirən mühüm sənəd olaraq qiymətləndirilə bilər. Lakin sülh sazişinin paraflanması yalnız başlanğıc addımdır. Çünki yekun sülh sazişinin imzalanması və ratifikasiyası üçün bəzi vacib addımların atılması nəzərdə tutulur. Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatda bu məsələ öz əksini tapıb. Birincisi, ATƏT Minsk Qrupunun buraxılması məsələsidir ki, bu problem artıq həll olunub. İkincisi isə Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə dair iddiaların yer almasıdır. Bu da sülh prosesində əsas maneə olaraq qalır. Konstitusiyaya dəyişiklik edilmədən, yəni Azərbaycanın beynəlxalq sərhədlərinin tanınması və ərazi iddialarından imtina ilə bağlı tələblər öz həllini tapmadan yekun sülh sazişinin imzalanması tam mənası ilə mümkün olmayacaq". Ekspert Ermənistanın götürdüyü öhdəliklərə uyğun olaraq bu istiqamətdə konkret addımlar atmasının önəmli olduğunu qeyd edob: "Əgər Ermənistan bu konstitusiya dəyişikliklərini reallaşdırarsa, sülh sazişinin imzalanması üçün hüquqi və siyasi əngəl də aradan qalxmış olacaq. Vaşinqton bəyannaməsi həm bir niyyət sənədi, həm də real icra planı tələb edən öhdəlik kimi çıxış edir. Yekun sülh sazişi tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsi, regionda təhlükəsizlik və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə hazır olmasına birbaşa bağlıdır. Sazişin paraflanması və ATƏT Minsk Qrupunun buraxılması məsələsinin həlli müsbət siqnallardır. Lakin real addımlar atılmadan sülh sazişi yalnız kağız üzərində qalacaq. Bu səbəbdən, Ermənistanın öhdəliyini icra etməsi və Konstitusiyada zəruri dəyişiklikləri həyata keçirməsi region üçün tarixi bir dönüş nöqtəsi ola bilər". Geri qayıt |