|

Büdcə sənədi yalnız hökumətin məsuliyyəti deyil, həm də onu qəbul edən Milli Məclisin məsuliyyətidir. Bu baxımdan bizim yanaşmamızda prioritet prinsip odur ki, büdcə sənədi ölkə qarşısında duran riskləri düzgün təsbit etsin və bu risklərin optimal qarşılanması yollarını müəyyən etsin.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu risklərin başında, şübhəsiz, müdafiə və təhlükəsizlik riski dayanır: “Komitə sədri Azər Əmiraslanovun haqlı olaraq vurğuladığı kimi, bu, ilk növbədə təhlükəsizlik büdcəsidir. Büdcə xərclərinin 8,7 milyard manatı bu istiqamətə yönəldilib. Bu məbləğ həm hazırkı beynəlxalq vəziyyətdən qaynaqlanan və gələcəkdə ola biləcək müharibə riskinin və müəyyən qarşıdurmaların riskinin olmasını nəzərə alaraqson dərəcə əsaslı addımdır.
Deputat bildirib ki, sosial xərclər büdcənin 41%-ni təşkil edir. 17 milyard manatlıq sosial yönümlü xərclər ötən illə müqayisədə 2,4 milyard manat artırılıb. Hazırda Azərbaycan əhalisinin yalnız 5,5%-i 2 500 manatdan yuxarı əməkhaqqı alır.
"1,5 milyon nəfər isə 2,500 manatdan aşağı maaş alır. Bu isə ölkədə az təminatlı əhalinin sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Belə olan halda, sosial xərclər dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Muzdla işləyənlərin sayının 1,8 milyon nəfər olması gələcəkdə sosial sığorta haqlarının toplanmasında müəyyən çətinliklərin ola biləcəyindən xəbər verir”.
Millət vəkili bildirib ki, üçüncü vacib məsələ isə ərzaq təhlükəsizliyi riskidir:
“Ərzaq məhsullarının qiymət artımı ciddi narahatlıq doğurur. Maraqlıdır ki, Azərbaycan əhalisinin 36%-i kənd təsərrüfatı sektorunda çalışsa da, bu sahənin ümumi daxili məhsuldakı payı cəmi 6% təşkil edir. Bu, Avropa ölkələri ilə müqayisədə çox aşağı bir göstəricidir. Üstəlik, kənd təsərrüfatında çalışanların sayı da azalma tendensiyası göstərir”.
Geri qayıt
|