Əsas Səhifə > Güney Press > Ermənilərin gecikmiş seçimi
Ermənilərin gecikmiş seçimiBu gün, 15:10 |
|
Ermənistan Baş naziri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan Vaqarşapatda (Eçmiadzin) keçirilmiş bələdiyyə seçkilərində hakim qüvvənin qalib gəlmə səbəbinə aydınlıq gətirib. Erməni mediasının yazdığına görə, baş nazirin suala cavabı orijinal olub. Sitat: “Niyə müxalifət uduzdu. Bunun bir qlobal səbəbi var: müxalifət qiyamət haqqında danışırdı, ‘Vətəndaş Müqaviləsi” isə həyat haqqında. İnsanlar, sadəcə, həyatı seçdilər, yaşamağı seçirlər. Fikrimcə, 2026-cı parlament seçkilərində də belə olacaq. Çünki biz birlikdə ağır sınaqlardan keçərək apokalipsisi (qiyaməti – red.) geridə qoyduq, bu gün və gələcək isə yalnız həyatdır”... Razılaşmamaq mümkünsüz. Gerçək belədir ki, radikal-revanşist müxalifət ənənəvi olaraq hər şeyi qara rəngdə görməyə, Pasinyan və komandasını cəmiyyətə kabus-fəlakət, xəyanətkar qismində təqdim edib onu qorxutmağa, Türkdən hələ də “xoxan” düzəltməyə davam edir. Guya hakimiyyət ölkəni uçuruma aparır, bunlar isə zavallı haylara xoşbəxtlik gətirəcək. Halbuki Ermənistan uçuruma doğru yolu çoxdan bitirib və artıq onun qırağındadır. Buna görə isə təkcə Paşinyan yox, daha çox onun sələfləri – xüsusən də Köçəryan-Sərkisyan cütlüyü günahkardır. Niyə? Ona görə ki, məhz o mənfur tandem on illərlə Bakının konfliktin həlli ilə bağlı konstruktiv təkliflərini ciddiyə almayıb, göylə gedib, heç vaxt reallaşmayacaq maksimalist və absurd tələblər irəli sürməklə vaxtı fövtə verib, saxta hərbi “qələbənin” eyforiyasına uyub münaqişəni uzadıb. Qısası, radikallar öz xalqına xoşbəxtlik gətirsəydilər, 30 ildə (1988-2018 – Paşinyan iqtidara gələnədək) gətirərdilər. Paşinyan isə ya zəlzələdən, ya da vəlvələdən artıq ermənilərin yeganə və sonuncu şansına çevrilib. Çünki erməni liderləri arasında məhz o, qonşularla barışığın tək yolunun nə olduğunu anlamış kimi görünür. Təbii ki, “Dəmir yumruq”dan sonra... Yeri gəlmişkən, bu arada Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın İrəvanla diplomatik münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşdıracağını bildirib. “Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalayanda biz də Ermənistanla münasibətləri normallaşdırmağa hazır olacağıq”, - Fidan vurğulayıb və onu da əlavə edib ki, Türkiyə eyni mövqeni dəfələrlə bəyan edib və bu siyasətə sadiqdir. Deməli, yekun qərar və seçim də erməni tərəfinin, erməni cəmiyyətinindir. Çünki Paşinyan hökumətinin bu məsələdə edəcəyi az şey var. Çox şey onun xalqından asılıdır. Düşünmək üçün, seçim üçün zaman isə faktiki bitib. Ermənistan toplumu onsuz da boşuna 37 il itirib (1988-2025) və altını da necə lazımdır çəkir: blokada tam götürülməyib, okeanlara çıxışı olmayan ölkə on illərdir dalan durumunda, əhalisi isə yoxsul vəziyyətdədir, əmək qabiliyyətli ermənilərin ölkədən həmişəlik qaçışı davam edir, çünki perspektiv görmür. Vaqarşapatdakı yerli seçkilər bu yöndə ümidləri artırsa da, hələ ki, cəmiyyətin mühüm bir hissəsi passiv mövqe tutmaqdadır. Növbəti parlament seçkilərinin nəticələri yəqin ki, həm də həmin kəsimin hansı mövqe tutacağından asılı olacaq... Musavat.com Geri qayıt |