Əsas Səhifə > Güney Press > İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür
İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçürBu gün, 11:43 |
|
Son illərin ən aktual məsələlərindən biri də bölgələrdə yaşayan əhalinin sayının getdikcə azalmasıdır. Belə ki, bir sıra rayonlarda, xüsusilə də bəzi kəndlərdə əhali sayında ciddi azalma müşahidə edilir. Məsələn, bir neçə ay öncə Lerik rayonun Ərdəbilə kəndində kütləvi köç nəticəsində üç ailədən başqa hamının kəndi tərk etdiyi bildirilmişdi. Hətta rayon rəhbərliyi də bu faktı təsdiqləyərək yalnız həmin kənd deyil, sürətlə boşalan bir neçə kəndin olduğu bildirmişdi. Kəndlərin 50 faizindən çoxunun boşalmaqda olduğu deyilirdi. Bildirilmişdi ki, rayonda bütün infrastruktur olsa da, əhali yenə də köçməyə üstünlük verir. Kəndlərin boşalması prosesi bir çox rayonlarda da özünü göstərir. Qeyd edək ki, Sovet dövründə kəndlərdə mövcud olan insfratruktur, asfalt yollar, davamlı qaz, işıq təminatı, həkim məntəqəsi, yeni inşa edilmiş məktəb binaları, rayonlarda istehsal müəssisələri, zavod, fabriklər fəaliyyət göstərirdi. Ancaq bu gün bir sıra bölgələrdə, xüsusilə də kəndlərdə bu infrastruktur yoxdur və eyni zamanda, rayonlarda istehsal müəssisələrinin fəaliyyəti dayanıb. Nəticədə əhali öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır. Kənd sakinlərinin öz evlərini tərk etmək məcbur edən hansı səbəblərdir? Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının balansı ilə bağlıdır: “Azərbaycan iqtisadiyyatı indi “raxid” uşağa oxşayır. Yəni baş böyüyür, bədən isə balaca qalır. Abşeron yarımadası və onun ətrafı bir iqtisadi rayondur. Hər zaman qeyd edirdik ki, Abşeron iqtisadi rayonunda dövlət büdcəsi xərci, eləcə də iqtsadiyyatın 90 faizindən çoxu formalaşır. Bu tənqidlərdən nəticə çıxararaq hökumət Abşeronu iki iqtisadi rayona böldü. İndi deyilir ki, Xocavənd rayonundan başqa bütün digər rayonlar büdcədən dotasiya almır. Yəni rayonlar o qədər inkişaf edir ki, öz xərclərini vergilər hesabına bağlayırlar. Ancaq bu doğru deyil. Məsələn, b7r rayonun Regional Təhsil İdarəsi o rayonun əhalisinin təhsilə olan tələbatını ödəyir və onun işçilərinin maaşını Elm və Təhsil Nazirliyi verir. Vergi Xidmətinin bütün xərclərini Dövlət Vergi Xidməti ödəyir. Mərkəzi xəstəxanaının xərclərini TƏBİB qarşılayır. Yəni rayonun xərclərinin ödənilməsi strukturunu dəyişiblər. Məsələn, Beyləqan rayonu öz xərclərini özü ödəyir. Ona görə ki, rayonlarda iqtisadi qaynaqlar yarada bilmirlər, ya da yaratmaq istəmirlər. Belə struktur dəyişikliklərinə gedirlər və rayonların öz xərclərini özü ödəməsi, büdcədən asılılığın olmadığı deyilir". Ekspertin fikrincə, bu problemin həll olunmasının yeganə yolu ölkədə regionların iqtisadiyyatının inkişaf etdirilməsidir: “Regionların iqtisadiyyatı ilə bağlı 4-5 proqram həyata keçirmişik. O proqramlar çərçivəsində biz rayonlarda park salmışıq, divarları rəngləmişik. Bu, iqtisadiyyatın inkişaf etdirilməsi demək deyil. O proqramlar səmərəsiz proqramlar olduğu üçün bu gün rayonlarda iqtisadi inkişaf yoxdur. Belə olan təqdirdə iş yerləri də olmayacaq. İş yerləri də olmadığına görə əhali orada yaşaya bilməyəcək. Əhali gedib iş yeri olan regionda yaşamağa başlayacaq. Bu gün regionda əhali iş tapa bilmir, təbii olaraq böyük şəhərlərə gedir. Bakıya, Sumqayıta, Gəncəyə, Rusiyaya, Türkiyəyə gedirlər və kəndlərdə əhali qalmır”. Geri qayıt |