Əsas Səhifə > Güney Press > Böyükşor bataqlığa çevrilir

Böyükşor bataqlığa çevrilir


Bu gün, 11:34

Bununla bağlı Xezerxeber.az-da videosüjet yayımlanıb. Gölə yaxın yaşayan sakinlərin sözlərinə görə, bu ərazi illər öncə həm turizm, həm də istirahət məkanı kimi seçilirdi. Vaxtı ilə 16/kv-km ərazisi, dərinliyi isə 5 metr olan göl bir neçə ildir su üzünə həsrət qalıb. Gölün qurumuş hissəsini yabanı ot basıb. Ekoloqlar bildirirlər ki, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov deyir ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı. Son illərdə qlobal iqlim dəyişikliyi Hacıqabul gölündən də yan keçməyib. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri deyir ki, gölün əvvəlki vəziyyətinə qaytarılması üçün müəyyən işlər aparılır. Su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə yəni davam edir. Əgər tədbirlər uğurlu olarsa, mütəxəssislər gələcəkdə göldə minimum səviyyədə olsa belə, suyun geri dönəcəyini istisna etmirlər.

Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, gölün qidalanmasında həm yağış, həm də axıntı suları iştirak edirdi:

--Axıntı suları əsasən gölün ətrafında yerləşən ərazilərdən gələn tullantı sular idi. 2015-ci ildə göldə bərpa layihəsi həyata keçirildi. Bərpa layihəsinin icrası zamanı gölə daxil olan çirkab suların axını dayandırıldı. Bunun gölün sağlamlaşdırılması məqsədilə edildiyi bildirilirdi. Amma nəticədə gölün səviyyəsi tədricən aşağı düşməyə başladı. Çünki çirkab suları gölün su balansını qoruyurdu və onun qida mənbəyini təşkil edən əsas sulara çevrilmişdi. Nəticədə göldə oksigensiz mühit əmələ gəldi ki, bu da spesifik iylərin ortaya çıxmasına səbəb oldu. Bu, hidrogen-sulfid qarışıq canlıların çürüntü iyidir, xoşagəlməz bir qoxudur. Eyni qoxu bataqlıqlarda da əmələ gəlir, ətrafa yayılır. Gölü xilas etmək üçün, yaxşı olar ki, gölə gələn axıntı suları bərpa olunsun. Demirəm, çirkab suları yenə axıdılsın gölə, xeyr. Yağış suları xüsusi borular vasitəsilə gölə istiqamətlənməlidir və ətraf ərazilərdən, yaşayış məntəqələrindən tullantı suları təmizlənərək gölə axıdılmalıdır. Bu, əsas şərtlərdən biridir. Bu baş verərsə, göldə oksigen bolluğu yaranar və göl özünü bərpa edər.

R.Abbasov qeyd etdi ki, Böyükşor ərazisinə hansısa ərəb ölkəsi şirkətlərindən birinin 5 milyarda yaxın investisiya qoymaq istədiyi məlumatları da var. İnvestisiya layihəsinin konkret nədən ibarət olduğu bilinməsə də, yaxşı olardı ki, bu investisiya qoyuluşu çərçivəsində gölün sağlamlaşdırılması da həyata keçirilsin. Belə olacağı təqdirdə gölün bərpası reallaşa bilər.


Geri qayıt