Əsas Səhifə > Güney Press > "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər"

"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər"


Bu gün, 16:08

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib ki, bölgələrdə, əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir.

Prezident qeyd edib ki, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb və işsizliyin səviyyəsi aşağı düşüb.

“Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başa düşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”, – dövlət başçısı əlavə edib.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Razi Nurullayev məsələyə belə münasibət bildirib:

“İş yerini sahibkar yaradır. İş yerini qanunçuluğun qorunması yaradır. İş yerini sahibkara sahib çıxan dövlət yaradır.

Cənab Prezidentin bu yaxınlarda icra başçılarını qəbul edən zaman toxunduğu məsələlər ürəyimdən cavab verdi, dəstəkləyirəm, alqışlayıram və düşünürəm ki, bugün birinci növbədə vəzifəli şəxslərin, icra başçılarının, digər ümumiyyətlə, dövlət qurumlarının birinci vəzifəsi iş adamlarına şərait yaratmaqdır.

Bugün biz desək ki, Azərbaycanda çox əlverişli biznes mühiti var, yanlış demiş olarıq. Mənim tanıdığım çox insanlar var, onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər.

Hər bir dövlət qurumu bu və digər şəkildə orada hansısa səhvləri tapır və geri göndərir. Bu, aylarla, illərlə uzanır və bu zaman ərzində həmin iş sahibkarın ölkənin iqtisadiyyatına yatırmaq istədiyi məbləğin 70–80%-i xərclənmiş olur və ən azı 30–40%-i götürüb artıq başqa ölkəyə getməli olur və yaxud biznesini dayandırır”.

Deputat hesab edir ki, Azərbaycanda biznesə və iş adamına münasibət dəyişməlidir.

“Vətəndaşa münasibət dəyişməlidir ki, bizim vəzifəmiz, vəzifəli şəxslərin vəzifəsi onlara kömək etməkdir.

Qısqançlıqla yanaşmaq olmaz, onların varlanmasına qısqançlıqla yanaşmaq olmaz. Kömək etmək lazımdır ki, iş adamı varlansın, o varlandıqca da daha çox iş yeri yaradacaq, daha çox vergi ödəyəcək. Mənim üçün bir prinsip var və mən düşünürəm ki, bir cənab Prezidentin də həmişə fikirlərində bu önəm daşıyıb: iş adamı ancaq vergi ödəməlidir.

Vergidən başqa heç nə kənara ödəməli deyil. Digər şəxslər də ona daha çox vergi ödəmək üçün vəzifəli şəxslər kömək etməlidir. Amma bu bizdə hal-hazırda belə deyil, bunu bir mənada deyə bilərəm”.


Geri qayıt