Əsas Səhifə > Güney Press > “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər”

“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər”


Bu gün, 15:52

Məhkəmə-Hüquq Şurasından məlumatında bildirilib ki, məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

Bildirilib ki, şura tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Əkrəm Həsənov bunun məntiqli qərar olduğunu deyib:

“Məhkəmədə işləmək üçün iclas katibi vəzifəsinə mütləq hüquqşünas olmaq lazım deyil. Problem ölkədə hüquqşünas çatışmazlığından deyil. Hüquqşünas diplomu olanlar çoxdur, amma onların xeyli hissəsi əsl hüquqşünas deyillər – sadəcə diplom alıblar. Heç savadarı da yoxdur. Dərsə gedib-getməmələrinə baxmayaraq, diplomları var, amma mahiyyət etibarilə hüquqşünas sayılmırlar. Bir çoxu ixtisası üzrə işləmirlər”.

Vəkil qeyd edib ki, Azərbaycanda hüquqşünas vəzifələrində işləyənlər var, amma onlar da əslində hüquq sahəsində bilik və savada malik deyillər:

“Məhkəmənin iclas katibi vəzifəsinə isə hüquqi təhsili olan, əsl hüquqşünaslar getmək istəmir. Çünki orada əsasən məntiq, ümumi savad və yaxşı yazı-pozu qabiliyyəti vacibdir. Bu baxımdan, iclas katibi üçün hüquqi təhsil bir tələb deyil, amma uyğun bacarıqlar vacibdir”.


Geri qayıt