Əsas Səhifə > Güney Press > Kiyevdəki səfirliyimiz qəsdən vurulur
Kiyevdəki səfirliyimiz qəsdən vurulurBu gün, 10:28 |
|
Məlum olduğu kimi ötən həftə Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində "İskəndər" tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Raket diplomatik nümayəndəliyin ərazisinə düşərək böyük bir çat yaradıb və divarı qismən dağıdıb. Hadisədən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib. Xatırladaq ki, 2022-ci il 10 mart tarixində də Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası ciddi dağıntılara məruz qalmış, xidməti avtomobil yararsız hala düşmüşdü. Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yaranmışdı. 2025-ci il avqustun 28-də də Ukraynadakı səfirliyimizə yönəlik bənzər təxribat yaşanmışdı. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edilmiş, işçilər xəsarət almış, infrastruktura böyük zərər vurulmuşdu. Rusiyanın qərəzli addımlarınıSherg.az-a təhlil edən politoloq Qulamhüseyn Əlibəyli deyib ki, Kiyevdəki səfirliyimizin yaxınlığına "İsgəndər" raketinin düşməsi və nəticədə səfirliyin binasının dağıntılara məruz qalması haqlı olaraq müəyyən şübhələrə səbəb olur. Ekspert vurğulayıb ki, son dövrlər adətən hərbi deyil, daha çox mülki obyektlər Rusiya tərəfinin raket zərbələrinə məruz qalır: "Rusiya hər dəfə mülki obyektlərə yox, guya hərbi obyektlərə raket zərbəsi endirdiyini israrla bildirsə də, bu, inandırıcı görünmür və faktiki vəziyyətə uyğun gəlmir. Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi obyektlərin dəqiq dislokasiyasının Rusiyanın əlində olması şəksizdir. Azərbaycanın Ukraynadakı səfirliyinin binası hərbi obyekt deyil və səfirliyin yaxınlığında heç bir hərbi obyekt yerləşmir. Bu da səfirliyin ətrafının qəsdən nişan alınması təəssüratını yaradır. Bu təəssüratı gücləndirən bir neçə amil də mövcuddur. Azərbaycan səfirliyi artıq 2-ci dəfədir ki, Rusiyanın raket hücumlarından zərər çəkir. Bir müddət bundan əvvəl də Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket düşmüş, səfirliyimizin binası zərər çəkmişdi. Müharibənin gedişində bu günə qədər Azərbaycandan başqa, heç bir dövlətin səfirliyi Rusiyanın raket hücumlarından zərər çəkməyib. Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına və SOCAR-ın neft bazasına da zərbələr endirilmişdi". Analitik hesab edir ki, ilk baxımdan təsadüfi görünən hadisələrin təkrarlanması həmin hərəkətlərin qəsdən törədilməsi ehtimalını daha da artırır: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukraynaya humanitar yardım edir. Görünür, bu, Rusiya hakimiyyətinin xoşuna gəlmir və ölkəmizi bu mövqedən çəkindirmək məqsədilə bu cür təzyiq vasitələrindən istifadə edir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mövqeyini zəiflətmək də bu hücumların məqsədlərindən biri kimi nəzərdən keçirilə bilər. Çünki Rusiyanın özünün enerji sektoru ciddi böhran keçirir və faktiki çökmə ərəfəsindədir. Mülki infrastrukturları və diplomatik nümayəndəlikləri hədəf kimi seçməklə Rusiya insanlıq əleyhinə və hərbi xarakterli beynəlxalq cinayətlərini davam etdirir və Ukraynada düşdüyü bataqlığı daha da dərinləşdirir". Geri qayıt |