Əsas Səhifə > Güney Press / Partiya > "Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır"
"Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır"Bu gün, 09:00 |
|
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə barışıq gündəliyini irəli aparmaq üçün səylərini davam etdirir. Buna o, nə dərəcədə nail olacaq, yaxın aylarda və əlbəttə ki, qarşıdakı kritik parlament seçkilərinin nəticələrindən biləcəyik. Bu arada “Haber7" məlumat yayıb ki, Nikol Paşinyan ölkə boyu 10 yeni məscidin tikintisi üçün təşəbbüs göstərib. Məscidlərdən 5-nin Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan 5-nin isə digər böyük şəhərlərdə tikiləcəyi bildirilir. Ermənistan hökumətindəki mənbələrə görə, təşəbbüsü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəstəkləyib. O, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün fürsət hesab edib. Məlumat doğrudursa, təqdirəlayiq addımdır. Hərçənd həmin məscidlərə gedəcək müsəlman-türk əhali ilə bağlı suallar açıq qalır. Orada kim ibadət edəcək? Yəni yalnız məscid inşa eləməklə sülh olmur. Daha vacibi İrəvanın Bakı ilə sülh müqaviləsinə mane olan sonuncu əngəli də götürməsidir. Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların, gerbdən Ağrı dağının (“Ararat”) təsvirinin çıxarılmasıdır. Nikol Paşinyan nə üçün Ermənistanda məscid tikdirir? Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan baş nazirinin ölkə ərazisində məscidlər inşa etdirməyə başladığı barədə xəbərlər bir neçə gündür yayılmaqdadır: “Bu barədə Ermənistan mətbuatında çoxlu fikirlər səsləndi və qeyd olundu ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə olunmuş razılıqdır. Son illər Ermənistan siyasətçiləri arasında nəhayət bir ağıllı insan çıxaraq anladı ki, Azərbaycanla və Türkiyə ilə düşmənçilik etmək yox, dostluq etmək lazımdır, münasibətləri normal qonşuluq münasibətləri kimi qurmaq faydalıdır. Nikol Paşinyan bunu anladığı üçün ölkəsində məscidlər tikdirmək istəyir. Çünki bununla Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi töhfə vermiş olar. 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərindəki məscidləri, dini-tarixi abidələri yerlə-yeksan edən, məscidlərdə donuz saxlayan Ermənistan dövlətinin rəhbəri bu hərəkətlərin vandallıq olduğu və düşmənçiliyi daha da dərinləşdirdiyini anlayırsa, məscid tikdirirsə, müsbət addımdır, ciddi dəyişiklikdir və bizim tərəfimizdən müsbət qarşılanacaq, dövlətlər arasında proseslərə çox ciddi töhfə verəcək”. Deputatın sözlərinə görə, Nikol Paşinyan Ermənistan-Türkiyə müasibətlərinin gələcəkdə inkişaf edəcəyini anlayır: “Ona görə də indidən müxtəlif istiqamətlərdə buna uyğun addımlar atmaq istəyir. Paşinyan əlaqələr qurulandan sonra türklərin Ermənistana gələcəyini, çoxsaylı səfərlərin olacağını və Ermənistandakı məscidlərdə namaz qılacaqlarını anlayır. Bundan başqa, Ermənistan son dönəmlər digər bir sıra müsəlman ölkələri ilə də əlaqələrin qurulması, gücləndirilməsi siyasətini yürüdür. Bu proses də Ermənistana gələcəkdə müsəlmanların gediş-gəlişini artıracaq. Paşinyan məscidlər tikməklə müsəlman ölkələrinin rəğbətini qazanmaq, Ermənistanın İslam dəyərlərinə hörmət edən dövlət imicini yaratmaq istəyir. Məqsədlərdən biri də bu yolla müsəlman ölkələrindən Ermənistana turistlərin gəlməsinə şərait yaratmaqdır”. Geri qayıt |