Əsas Səhifə > Güney Press > DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib

DTX-nin həbs etdiyi İmamverdi Əhmədovun şikayəti təmin edilməyib


Bu gün, 06:48

Dövlətin konstitusion quruluşuna qarşı yönəlmiş ağır cinayətlərdə ittiham olunan İmamverdi Əhmədov barəsində çıxarılan hökmdən verilən şikayət üzrə qərar məlum olub.

Teleqraf xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1961-ci il təvəllüdlü İmamverdi Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmü qəbul etməyərək apellyasiya şikayəti təqdim edib və özünü təqsirli bilmədiyini bildirib. Əhmədov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə prosesində təqdim edilən maddi sübutlar araşdırılıb. Səs yazılarında Əhmədovun müxtəlif şəxslərlə dövlət əleyhinə çıxışlar, hakimiyyəti zorla ələ keçirmək və konstitusion quruluşu dəyişdirmək barədə danışıqları yer alıb.

Gəncə Apellyasiya Məhkəməsi şikayəti əsassız hesab edərək təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əhmədova qarşı Cinayət Məcəlləsinin 28, 278.2-ci maddəsi (dövlətin konstitusiya quruluşunun və onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına və ya hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hazırlıq hərəkətlərinin dini düşmənçilik, radikalizm və fanatizm zəminində törədilməsi) ilə ittiham irəli sürülüb.

İstintaq materiallarına görə, İmamverdi Əhmədov 2023-cü ilin aprelindən radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq ölkə ərazisində iğtişaşlar törətməyi, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri təşkil etməyi və konstitusiya quruluşunu zorakı yollarla dəyişdirməyi planlaşdırıb. Bunun üçün bəzi şəxslərə gizli silahlı təlimlər də təşkil etdiyi müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində Əhmədovun fəaliyyəti ifşa olunub və o, cinayət məsuliyyətinə cəlb edilib.


Geri qayıt