Əsas Səhifə > Güney Press / Partiya > AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA...

AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA...


Bu gün, 03:27

Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyən “Freedom House” növbəti hesabatında da ölkəmizi hədəf alıb.

Musavat.com təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, yeni hesabatda iddia edilir ki, “Azərbaycan hökuməti müntəzəm olaraq internet bağlantılarını məhdudlaşdırır və hökuməti tənqid edən media orqanları da daxil olmaqla veb saytları bloklayır”. Hətta Rusiyanın bəzi anti-Azərbaycan mövqeli xəbər agentliyinin və saytlarının bloklanması da “Freedom House”nin xoşuna getməyib. Ən maraqlısı, xaricdəki “söyüş müxalifətinin” Azərbaycan Resublikası Baş Prokurorluğa çağırılmasına da reaksiyadır. “Freedom Houes” bütün prinsiplərinə arxa çevirərək dövlət əleyhinə çağırışlar edənləri “hökuməti tənqid edən şəxslər” adlandırır, bunu “təzyiq kimi qiymətləndirməkdən” belə utanmayıb.

“Freedom House” “1994-cü ildən de-fakto müstəqillik əldə etmiş etnik erməni anklavı” adlandırdığı işğala haqq qazandırıb, erməni əhalinin könüllü köçüb getməsində yenidən Bakını günahlandırmağa çalışıb.

Hesabatda Türkiyə də hədəfə alınıb. Bildirilir ki, “rəsmilərinin tələbi ilə çoxsaylı sosial media hesabı bloklanıb və ya fəaliyyəti dayandırılıb”. “Bununla bağlı həbsdə olan prezidentliyə namizəd və yüz minlərlə izləyicisi olan İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun ofisinin hesabına giriş bağlanıb”.

“Freedom House” Gürcüstanda da internet azadlığı pisləşib. Təşkilat iddia edir ki, hökumət onlayn mediaya və vətəndaş cəmiyyətinə təzyiqi artırıb, jurnalistlər təhdid edilib, bəziləri fiziki hücuma məruz qalıb, qanunvericilik və qeyri-rəsmi təzyiqlərin artması özünüsenzuraya səbəb olub. “Hökumət strukturlarında korrupsiya davam edir. Jurnalistlərə qarşı zorakılıq və hədə-qorxu ilə media azadlığı pozulur. İcra və qanunvericilik orqanlarının məhkəmələrə müdaxiləsi, məhkəmə proseslərində şəffaflığın və peşəkarlığın olmaması ciddi problem olaraq qalır. Bu neqativ tendensiyalar son illərdə daha da güclənib” deyə, “Freedom House”un hesabatında deyilir.

“Freedom Houes” iddia edib ki, Ermənistanda isə “məhdud vebsayt bloklanıb”. Ermənistanla bağlı bölümdə də Azərbaycan yenə də hədəf alınıb. “ Ermənistan son illər Azərbaycanın hərbi təzyiqindən ciddi şəkildə təsirləndiyi” qeyd edilib.

“Freedom House” öz imicini korlamış, heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir quruma çevrilib. Son hesabat da onu göstərir ki, təşkilat Azərbaycana qarşı qərəzli yanaşmada davam edirlər. “Freedom House” qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını bir daha təsdiqləyir.

Musavat.com


Geri qayıt