Əsas Səhifə > Güney Press > Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Zabrat maşınqayırma zavodu özəlləşdirilirBu gün, 17:19 |
|
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Zabrat maşınqayırma zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edir. Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib. Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi, 196 ünvanında yerləşən “Zabrat maşınqayırma zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar sərmayə qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4 000 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflər verməlidirlər. Müəssisənin ümumilikdə 951 839 manat həcmində öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.850.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir. Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu 2025-ci il 15 dekabr tarixinədək (iş günləri saat 10:00-dan 17:30-dək) Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2025-ci il 16 dekabr tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir. Geri qayıt |