Əsas Səhifə > Güney Press > Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur?
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur?Bu gün, 17:44 |
Keçmiş mədəniyyət naziri və keçmiş səfir Polad Bülbüloğlu deyib ki, gələn ilin büdcəsindən kino çəkilişlərinə vəsait ayırmaq nəzərdə tutulmayıb. Hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olan Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin birgə iclasında bu barədə damışıb.Report agentliyinin verdiyi məlumata görə, Polad Bülbüloğlu deyib: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək". Bəs Kino Agentliyinə dövlət büdcəsindən niyə vəsait ayrılmayıb? Doğrudanmı, Polad Bülbüloğlunun dedikləri doğrudur? Hökumət bu məsələyə aydınlıq gətirib: Maliyyə Nazirliyi Polad Bülbüloğlu ilə eyni fikirdə deyil. Nazir müavini Himalay Məmişov MM-in Mədəniyyət Komitəsi sədrinin dediklərini təkzib edib. Nazir müavini rəqəmlərlə və faktlarla danışıb. Himalay Məmişov "Report"a müsahibəsində deyib ki, bu il dövlət büdcəsindən Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış vəsaitin 59 %-i istifadə edilməyib. Himalay Məmişov belə deyib: "Bu il agentliyə büdcədən 8,5 milyon manat ayrılıb. İndiyə qədər həmin vəsaitin 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Üstəlik, bu ilin əvvəlinə qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti olub". Həmçinin nazir müavini Himalay Məmişov deputat Polad Bülbüloğlunun bəyanatını şərh edərkən kino sahəsinə edilmiş vergi güzəştlərinə də toxunub. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs 2022-ci ildə yaradılıb və Agentliyə dövlət büdcəsindən birbaşa vəsaitlər əsasən 2023–2025 illərində göstərilib. Bundan əvvəl isə bu məbləğ Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmlərə ayrılıb. Bəs son beş ildə dövlət kinoya nə qədər vəsait ayırıb? Araşdırmalardan məlum olur ki, 2020-2025-ci illərdə Azərbaycanın dövlət büdcəsindən kino sahəsinə ümumilikdə 43,544,800 manat vəsait ayrılıb. İllər üzrə statistikaya nəzər yetirdikdə, kinoya ayrılan dövlət vəsaitinin hər il artdığını görmək olur. 2025-ci ildə Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış 8,5 milyon manatın cəmi 3,5 milyon manatı, yəni 41 faizi istifadə olunub. 5 milyon manat isə istifadəsiz qalıb, xərclənməyib. Bu isə o deməkdir ki, Kino Agentliyinin kino çəkilişləri üçün vəsaiti var, amma onu bu işə yönəltməyib. Yəni öz işini düzgün qura bilməyib. Yəni yeni filmlərin çəkilməməsi, heç də Polad Bülbüloğlunun dediyi kimi, pul çatışmamazlığından, yaxud hökumətin bu sahəyə diqqətsizliyindən qaynaqlanmır. Pul var, ancaq ortada iş yoxdur. Çünki məsələ təkcə büdcədən birbaşa ayrılan vəsaitdə deyil; vergi güzəştlərinin özü də dolayısı ilə kinoya göstərilən maliyyə dəstəyi deməkdir. Üstəlik Kino Agentliyi özü publik hüquqi şəxsdir; kino üçün vəsaiti bu qurum özü başqa qanuni mənbələrdən də əldə etməyə çalışmalıdır. Polad Bülbüloğlu kinonun, kino işçilərinin qayğısına qalırsa, birinci növbədə dövlətin ayırdığı vəsaitlərin niyə xərclənmədiyini Dövlət Kino Agentliyindən soruşmalıdır. Əminəm ki, bunun başqa xeyli səbəbləri ortaya çıxacaq. O cümlədən, məsələnin təşkilati və yaradıcılıq tərəfləri ilə bağlı müyyən çatışmazlıqlar və maraqlı nüanslar aşkarlana bilər. Bahəddin Həzi, bizimyol.info
Geri qayıt |