Əsas Səhifə > Güney Press > “Kiyev Rusiyanın milyardlarını gözləyir”

“Kiyev Rusiyanın milyardlarını gözləyir”


Bu gün, 16:58

Belçika hakimiyyəti dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə təzminat kreditini təsdiqləməsə, Ukrayna artıq 2026-cı ilin fevralına maliyyəsiz qalma riski ilə üzləşə bilər.
AzVision.az xəbər verir ki, “Politico” nəşri yaranmış vəziyyətin Kiyevi maliyyə böhranı ilə hədələdiyini və çox şeyin Qərb müttəfiqlərinin mövqeyindən asılı olacağını yazır.

Söhbət dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə iki-üç il ərzində Ukraynaya dəstək üçün 140 milyard avroya qədər vəsaitin ayrılmasından gedir. Avropa İttifaqı (Aİ) rəsmiləri təzminat krediti ideyasını Kiyevin danışıqlarda mövqeyini gücləndirmək üçün son şans kimi qiymətləndirirlər.

Lakin ölkənin Rusiya aktivlərinin mənimsənilməsinə görə məsuliyyət daşımalı olacağından, o cümlədən Moskvanın mümkün hüquqi iddialarından ehtiyatlanan Belçikanın baş naziri Bart de Vever buna qarşı çıxır.

“Aİ rəsmiləri ilə Belçika hökuməti arasında yaranmış dalandan hələlik heç bir çıxış əlaməti yoxdur. Slovakiyanın baş naziri Robert Fitso keçən həftə dondurulmuş Rusiya aktivlərinin Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün istifadəsinə qarşı olduğunu bəyan etdikdən sonra vəziyyət daha da mürəkkəbləşib”, - qəzet yazır.

Nəşr qeyd edir ki, təzminat krediti olmadan Aİ ölkələrinin Kiyevi dəstəkləmək üçün borc almağa razılıq verməsi ehtimalı çox azdır. Onsuz da maliyyə çatışmazlığı olan Avropa hökumətləri “faiz ödəmək” həvəsində deyillər. Ukraynanın müdafiə sektorundakı korrupsiya qalmaqalları isə vəziyyəti daha da gərginləşdirir.

- Bu, son dərəcə münasib olmayan bir vaxtda baş verir və Qərb müttəfiqlərini maliyyələşdirməni davam etdirməyə inandırmaq baxımından ukraynalılar üçün böyük problemlər yaradır”, - Ukrayna hökumətinin əcnəbi müşaviri qəzetə açıqlamasında deyib.

“Euractiv” nəşri daha əvvəl bildirmişdi ki, Aİ təzminat kreditinə iki alternativi nəzərdən keçirib: ortaq borc və üzv dövlətlərin qrantları hesabına maliyyələşmə. Bu olmasa, Ukrayna növbəti iki il ərzində 60 milyard dollarlıq büdcə kəsiri riski ilə üzləşə bilər.

Ukrayna üçün təzminat krediti təşəbbüsü sentyabr ayında Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen tərəfindən irəli sürülüb. Ehtimal edilir ki, yalnız Moskva müharibənin vurduğu zərəri, faktiki reparasiya, ödədikdən sonra Kiyev bu krediti qaytarmağa borclu olacaq. Almaniya kansleri Fridrix Merts də bu ideyanı dəstəkləyib. Hələlik öz mövqeyini açıqlamayan Vaşinqton yalnız “gözlənilməz nəticələr” barədə xəbərdarlıq edib.

Geri qayıt