Əsas Səhifə > Güney Press > Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olubBu gün, 13:10 |
|
Bakıdan Rusiyaya ekstradisiya olunan Azərbaycan vətəndaşı S. Nəsirov (ad və soyadının tam forması etik səbəblərdən açıqlanmır-red) Ukraynada gedən müharibə zonasında həlak olub. Bu barədə Gununsesi.info-ya mərhumun yaxınları bildirib. Məlumata əsasən, S. Nəsirov 19 fevral 1973-cü ildə Azərbaycanda anadan olub, orta təhsilini də burada başa vurub. Müstəqillikdən sonra Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. Daha Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindıə hərbi qulluqçu kimi qeydiyyatda olan Nəsirov bir müddət Rusiya Federasiyasında yaşasa da, son on ildən artıq müddətdə daimi olaraq Azərbaycanda yaşayıb. Ekstradisiya qərarı və bir ildən çox davam edən məhkəmə prosesi Yaxınları deyir ki, ekstradisiya barədə qərar Rusiya Federasiyası Baş Prokurorluğunun sorğusu əsasında təmin olunub. Bu qərar məhkəmə qaydasında mübahisələndirilib və onun barəsində Səbail Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət verilib. Məhkəmə icraatı bir ildən artıq davam etsə də, sonda şikayət təmin olunmayıb və Baş Prokurorluğun ekstradisiya barədə qərarı qüvvədə saxlanılıb. Nəticədə S. Nəsirov Rusiyaya təhvil verilib. Rusiyaya verildikdən sonra müharibəyə göndərildi Məlumata görə, Rusiyaya ekstradisiyadan sonra S. Nəsirova ərizə yazdırılaraq Ukrayna ilə müharibədə iştirak etməsi “təklif” olunub, daha dəqiq desək, o, Rusiya ordusunun tərkibində döyüş bölgəsinə göndərilib və orada həlak olub. S. Nəsirovun Azərbaycandakı vəkili Cavad Cavadov Gununsesi.info-ya deyib ki, müvəkkilinin Rusiyaya verilməsi həm faktiki vəziyyətə, həm də Azərbaycan Konstitusiyasına zidd olub: “Əslində S. Nəsirovun Azərbaycan vətəndaşlığı sadəcə ‘yenilənməmiş’ hesab edilirdi. O, faktiki olaraq həm Azərbaycan, həm də Rusiya vətəndaşlığına malik idi. Konstitusiyanın 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində doğulmuş, Azərbaycanla siyasi-hüquqi münasibətdə olan və qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşı sayılır. Bu baxımdan o, Azərbaycan Respublikasının vətəndaşı idi və belə şəxs heç bir halda xarici dövlətə verilə bilməzdi”. Vəkil xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsi bu məsələdə xüsusi aydınlıq gətirir: “Konstitusiyanın 53-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla və ya xarici dövlətə verilə bilməz. Müdafiə tərəfinin əsas arqumentlərindən biri də məhz bu idi – ərizəçi Azərbaycan ərazisində doğulmuş və burada, yaşayan şəxs kimi, Konstitusiya baxımından başqa ölkəyə ekstradisiya oluna bilməzdi. O, həmçinin Azərbaycan vətəndaşlığından imtina etməmişdi”. Müdafiə tərəfi şikayətlərində təkcə vətəndaşlıq məsələsini deyil, Rusiyaya verildiyi təqdirdə S. Nəsirovu gözləyən real təhlükələri də vurğulayıb. Cavad Cavadov bildirir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ölüm cəzası hələ də qanunvericilikdə mövcuddur və bu, ən ağır cinayətlərə görə nəzərdə tutulur: “Biz rəsmi şikayətlərimizdə qeyd edirdik ki, S. Nəsirov Rusiyaya ekstradisiya olunarsa, onu ədalətli mühakimə deyil, ciddi təhlükə – həm həyatına, həm ləyaqətinə, həm də müdafiə hüquqlarına qarşı real risk gözləyir. Bu risklər təkcə Rusiya məhkəmə sisteminin vəziyyəti ilə yox, həm də Ukrayna müharibəsi fonunda yaranmış xüsusi şəraitlə bağlı idi”. Vəkil qeyd edir ki, Rusiya 24 fevral 2022-ci ildən Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb, 16 mart 2022-ci ildə Avropa Şurasından çıxarılıb, 16 sentyabr 2022-ci ildə isə İnsan Hüquqları üzrə Avropa Konvensiyasından faktiki olaraq çıxıb: “Rusiya Avropa Şurasından və Avropa İnsan Hüquqları Konvensiyasından kənarlaşdırıldıqdan sonra onun üzərində beynəlxalq nəzarət xeyli zəifləyib. BMT Baş Assambleyası da Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərə görə bu ölkənin BMT İnsan Haqları Şurasındakı üzvlüyünü dayandırıb. Biz bütün bunları göstərirdik ki, belə şəraitdə insanı o ölkəyə təhvil vermək, onun taleyini faktiki olaraq müharibə və zorakılıq riskinə təhvil vermək deməkdir”. Avropa Məhkəməsi 39-cu Qaydanı tətbiq etmədi Müdafiə tərəfi S. Nəsirovun Rusiyaya verilməsinin qarşısını almaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edib və Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən ekstradisiyanın dayandırılması barədə təcili tədbir xahiş olunub. Lakin vəkilin sözlərinə görə, nə yerli məhkəmələr müdafiə tərəfinin mövqeyini nəzərə alıb, nə də Avropa Məhkəməsi 39-cu Qayda üzrə müvəqqəti tədbir tətbiq edib: “Məhkəmələr bizim arqumentlərimizi qəbul etmədilər, Avropa Məhkəməsi də 39-cu Qaydanı tətbiq edərək ekstradisiyanı dayandırmadı. Nəticəsi bu gün göz qabağındadır – həmin insan Rusiyaya verildi, Ukraynaya müharibəyə göndərildi və orada həlak oldu. Cavad Cavadov hesab edir ki, S. Nəsirovun taleyi həm Azərbaycan məhkəmələri, həm də Baş Prokurorluq üçün ciddi siqnal olmalıdır: “Bu iş təkcə bir nəfərin faciəsi deyil. Bu, həm də o deməkdir ki, biz ekstradisiya qərarlarında Konstitusiyanın tələblərini, vətəndaşlıq məsələsini, müharibə şəraiti və insan haqları ilə bağlı beynəlxalq siqnalları kifayət qədər nəzərə almamışıq. Məhkəmələr və Azərbaycan Respublikasının Baş Prokurorluğu bundan sonra bu məsələlərə çox daha ciddi diqqət yetirməlidir”. Geri qayıt |