Əsas Səhifə > Güney Press > Ermənistan bu kəndləri də qaytarır?
Ermənistan bu kəndləri də qaytarır?Bu gün, 11:54 |
|
“Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkəmizin əhəmiyyətli diplomatik uğurlarındandır”. Bunu APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, digər 4 anklavın - Qazağın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir. “Bu məsələ delimitasiya komissiyaları çərçivəsində öz həllini tapmalıdır”, - Ayxan Hacızadə qeyd edib. Hazırda Ermənistanın işğalı altında qalan 4 kəndimiz bunlardır: Qazağın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi. Bu kəndlərin hər biri indiki Ermənistan ərazisi ilə əhatə olunub. Həmin kəndlər Azərbaycan üçün eksklav, Ermənistan üçün anklav kəndlərdir. Lakin komissiyaların işində kəndlərlə bağlı irəliləyiş yoxdur. Rəsmi İrəvan vaxtaşırı Gədəbəyin Başkənd kəndini ərazi mübadiləsi kimi təklif edir. Son bəyanatlarda isə deyilir ki, anklavlar hər iki tərəfdən qaytarılmadan olduğu kimi qalsa daha yaxşıdır. İndiki mərhələdə eksklavlar və anklav ərazilər məsələsi daha çox hansı dövrün xəritəsi əsasında müəyyənləşəcək prinsipinə bağlıdır. Keçmiş sovet dövrünə aid, Azərbaycanla Ermənistan sərhədi ilə bağlı müxtəlif sənədlər mövcud olub. Azərbaycan bu mövzuya aid keçmiş sovet dövründə tərtib edilmiş müxtəlif xəritələrdən və mənbələrdən yararlanacaq. Delimitasiya və demarkasiya prosesində bundan istifadə ediləcək. Anklav və eksklav ərazilər də bu məsələ ilə bağlıdır. Azərbaycan XİN sözçüsünün bu açıqlamasından iki saat sonra Ermənistan baş naziri məsələ ilə bağlı açıqlama verib. Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb. Paşinyan bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq. “Heç kim Ermənistan xalqının iradəsinə qarşı başqa ssenari ilə gedə bilməz. Bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan baş verə bilməz”, - baş nazir vurğulayıb. Siyasi ekspertlər hesab edir ki, Paşinyanın bu açıqlaması daha çox seçkiöncəsi daxili auditoriyaya - erməni seçicilərə yönəlik fikirlərdir. Bununla belə, Nikol Paşinyan növbəti dəfə tarixə zidd və təxribat xarakterli bəyanatla çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Göyçə gölü ilə bağlı açıqlamasına cavab verərkən belə deyib: “Cənab İlham Əliyev dedi ki, çar Rusiyası dövrünün xəritələrində Sevan adı yoxdur, başqa ad var. Mən isə cavab verirəm: həmin xəritələrdə Ermənistan var, amma Azərbaycan yoxdur. Bəs bu nə deməkdir?” Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirdi ki, seçkilər yaxınlaşdıqca Nikol Paşinyanın erməni seçicilərin revanşist qüvvələrin arxasınca getməsinin qarşısını almağa hesablanan bu tipli bəyanatlarının olacağı gözlənilən idi: “Qarşıdakı aylarda bu kimi ermənilərə xoş getməyə hesablanan, Azərbaycanda isə narazılıqla qarşılanan pafoslu bəyanatlar artacaq. Ancaq Paşinyan bir şeyi unutmamalıdır ki, əslində onun hakimiyyətdə qalıb-qalmaması Azərbaycanın da mövqeyindən müəyyən mənada asılıdır və asılı olacaq. Paşinyan onu da unutmamalıdır ki, hakimiyyətə gələndən sonra verdiyi "Qarabağ Ermənistandır, nöqtə" bəyanatı Ermənistanı, erməniləri gətirib hansı vəziyyətlə üz-üzə qoydu. İndi də təxminən o bəyanata bənzər təxribatçı, heç bir tarixi əsası olmayan bəyanat dilə gətirib. Paşinyan Azərbaycanın səbrini yenə də tarıma çəkmək xətti tutursa, bu dəfə Ermənistan dövlətinin mövcud olub-olmaması, Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması məsələsi gündəmə gələ bilər". Bəs Azərbaycan XİN-in sözçüsü Hacızadənin son kəndlərimizin geri qaytarılması mövzusunda açıqlamasından sonra 4 kəndin də məsələsi də yaxın bir ildə həllini tapa bilərmi? Rövşən Məhərrəmov qeyd etdi ki, hazırda Ermənistanın işğalı altında olan 4 Azərbaycan kəndi Azərbaycanın ərazisi olmaqla yanaşı, qədim tarixi torpaqlarıdır: “Bu kəndlərin geri qaytarılması üçün hökumət komissiyaları yəqin ki, iş aparırlar və aparacaqlar. Sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı bu kəndlərin məsələsi həllini tapa bilər. O kəndlərimiz geri qaytarılmaqla yanaşı, həmin kəndlərə quru yolunun açılması üçün ərazi ayrılmalıdır. Bu kəndlər Azərbaycanın xüsusi əhəmiyyət kəsb edən kəndləridir. O kəndlər geri qaytarılmasa, Ermənistan sərhədi Qazax rayonuna çox yaxın məsafədə yerləşə bilər. Komissiyanın effektiv işləməsi vacibdir. Komissiya diqqətlə öyrənməlidir. O kəndlər əvvəllər tam şəkildə anklav olmayıb. Bəzi ərazilər SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilib və nəticədə anklav kəndlər yaranıb. O kəndlərin anklav əraziyə çevrilməsinə səbəb olan torpaqlar əslində Azərbaycan əraziləri olub. Ona görə də həmin torpaqlar da qaytarılmalıdır ki, anklav ərazi formasında qalmasın. O ki qaldı Başkənd kəndinə, bu kənd Azərbaycan ərazisi olub və oranı da SSRİ zamanında qanunsuz olaraq Ermənistan ərazisinə qatıblar”. Geri qayıt |