Əsas Səhifə > Güney Press > Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddurBu gün, 10:34 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana müraciət edib. Baş nazir noyabrın 8-də Serj Sarkisyanın hakimiyyətdə olarkən Qarabağla bağlı Azərbaycanla apardığı danışıqlara dair sənədləri ilin sonuna qədər yayımlayacağını bəyan deyib. Paşinyanın fikrincə, bütün danışıqlar prosesi və təkliflər ipin qısaldılması ilə bağlı olub. İlin sonuna qədər danışıqlara dair sənədlər dərc olunacaq və bu, daha qabarıq görünəcək: "Robert Koçaryan və Serj Sarkisyanın son günlər bəyanatları bir daha təsdiq edir ki, Qarabağ məsələsi Ermənistan Respublikasını "ən yaxın ağaca" bağlamaq üçün tanınmış qüvvələrin əlindədir. Xalqların hüquqları, tarixi ədalət və bu kimi terminlər əsas məqsəd üçün sadəcə olaraq tüstü pərdəsi idi. Paşinyan bildirib ki, sabiq Baş nazir Karen Karapetyan o dövrdə Serj Sarkisyanın tapşırığı ilə onunla görüşüb və hakimiyyətin onu azad etməyə, hərəkatı dayandırmağa hazır olduğunu deyib. Paşinyan qeyd edib ki, söhbət zamanı ona Baş nazirin müavini vəzifəsi təklif olunmayıb: "İlk növbədə demək istəyirəm ki, mənimlə Baş nazirin müavini postu barədə heç bir danışıq olmayıb. Mən bu mövzunun müzakirəsinə belə icazə verməzdim. Əksini sübut edən hər hansı yazının mövcud olduğunu tamamilə inkar edirəm". Qeyd edək ki, Ermənistanda parlament seçkisi yaxınlaşdıqca, Paşinyan hökuməti ilə müxaliflər arasında siyasi qarşıdurma da kəskinləşir. Qarşıdakı dönəmdə mübarizənin daha da şiddətlənəcəyi ehtimal olunur. Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a deyib ki, Ermənistanda hələlik Nikol Paşinyanı əvəz edə biləcək güclü qüvvə, fiqur yoxdur. Əgər olsaydı, 2021-ci ilin növbədənkənar seçkilərində Paşinyan yenidən qalib olmazdı. Deputat xatırladıb ki, 2021-ci il seçki ərəfəsində Robert Koçaryan Moskvaya qəfil səfər etmişdi: "Koçaryan Prezident V.Putinlə görüşdü və dərhal sonra Rusiyanın birinci kanalına müsahibə verdi. O, seçkilərə qatılacağını, hakimiyyətə iddialı olduğunu demişdi. Təqribən bir həftə sonra Paşinyan da Moskvaya səfər etdi və Putinlə bir araya gəldi. Görünür, həmin dövrdə Paşinyan Kremlin müəyyən şərtlərini qəbul etməyə razılıq verib. Amma Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə rəğmən, seçkidə böyük səslə qalib gəldi. Bu, əslində nonsens idi. Çünki Ermənistan cəmiyyəti xəstə təfəkkürlü idi və illər boyu terrorçu hakimiyyətlər tərəfindən zəhərlənmişdilər. Bütün bunların fonunda Paşinyan növbədənkənar seçkilərdə yüksək nəticə göstərdi. İndi Paşinyan fərqindədir ki, Rusiyanın seçkilərə təsirləri qaçılmazdır. Moskva bacardığı qədər Ermənistandakı seçkilərdə öz əlaltılarını dəstəkləyəcək. Ancaq Rusiyanın dəstəklədiyi qüvvələr 2021-ci ildən nəinki güclü səviyyədə deyillər, əksinə, nüfuz baxımından daha aşağıdırlar". Parlamentari qeyd edib ki, Paşinyan ötən müddət ərzində siyasi rəqiblərini ifşa edib, gözdən salıb, onları zərərsizləşdirib: "Rusiyanın da yeni siyasi fiqur tapmaq imkanları məhduddur. Söhbət artıq sadəcə Paşinyandan da getmir. Erməni cəmiyyətinin proseslərə baxışı, yanaşması dəyişməkdədir. Bu dəyişikliyi yaradan isə Azərbaycandır. Yəni Azərbaycanın 44 günlük müharibədə qələbəsi, torpaqlarını işğaldan azad edərək yeni reallıqlar yaratması erməni toplumunu da ayıltdı, yuxudan oyatdı. Artıq erməni ictimaiyyəti miflərə, uydurmalara inanmır və növbəti müharibə istəmir. Paşinyana qarşı qüvvələr isə faktiki olaraq revanşistlərdən ibarətdir. Baş nazir isə obrazlı desək, "sülh partiyası"na rəhbərlik edir. Ona görə də Paşinyana dəstək çoxdur". Geri qayıt |