Əsas Səhifə > Güney Press > BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir

BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir


Bu gün, 09:44

BOKT “İnternational” ASC-nin dövlət qarşısında vergi borcu artmaqda davam edir.

Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi məlumata əsasən, 12 noyabr 2025-ci il tarixinə BOKT “İnternational” ASC-nin vergi borcu 566 331 manat təşkil edir.

Qeyd edək ki, 15 sentyabr 2025-ci il tarixinə bu göstərici 517 318 manat idi. Daha əvvəl, 28 may 2025-ci ildə isə borcun məbləği təxminən 477 055 manat səviyyəsində qeydə alınmışdı.

Beləliklə, son altı ay ərzində qurumun vergi borcu təxminən 89 min manata yaxın artıb.

Bu arada, BOKT “İnternational” ASC Bakı Fond Birjasında (BFB) ümumi məbləği 10 milyon manat olan faizli istiqrazlar vasitəsilə borc cəlb edir. İstiqrazlar 3 il müddətinə, illik 18% gəlirliliklə təklif olunur.

BOKT istiqraz bazarında aktiv iştirakçılardan biridir. 1 iyul 2025-ci il tarixinə “İnternational” BOKT-nin ümumi öhdəlikləri 33 milyon 970 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23 milyon 457 min manat və ya 45% artım deməkdir.

Güclü borc cəlbi paralel şəkildə aktiv kreditləşmə ilə müşayiət olunur: qurumun kredit portfeli 42 milyon 557 min manat, illik 33% artım göstərib. Cəmi aktivləri isə 42% artaraq 50 milyon 796 min manata çatıb.

Likvidlik göstəriciləri sabit qalıb — pul vəsaiti 1 milyon 451 min manat olmaqla, illik 9% artım müşahidə edilib.

Cari ilin ilk yarısında BOKT “İnternational” ASC-nin xalis mənfəəti 3 milyon 576 min manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 9% artım deməkdir.

Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. O həmçinin Müşahidə Şurasının sədri kimi şuranın işini təşkil edir, iclasları çağırır və qəbul edilən qərarları imzalayır. İdarə Heyətinin sədri isə Nicat Həsənov Vaqif oğludur.


Geri qayıt