Əsas Səhifə > Güney Press > Azərbaycanda yayılan xəstəlik nədir?

Azərbaycanda yayılan xəstəlik nədir?


Bu gün, 14:26

Son günlər bir sıra ölkədə “Honq Konq qripi” kimi tanınan H3N2 virusunun yayılması müşahidə olunur.

Bu virus A tipli qripin bir ştammıdır və adətən mövsümi epidemiyalara səbəb olur. Xəstəlik yüksək hərarət, öskürək, boğaz ağrısı və əzələ ağrısı ilə müşayiət olunur. Əksər hallarda yüngül keçsə də, uşaqlarda, yaşlılarda və xroniki xəstəliyi olan şəxslərdə ağırlaşmalara yol aça bilər.

Hazırda Azərbaycanda da qrip və soyuqdəymə hallarının artdığı müşahidə edilir. Yüksək temperatur, halsızlıq və öskürək kimi simptomlar H3N2 virusunun əlamətlərinə bənzəyir.

Hazırda Azərbaycanda müşahidə olunan qrip H3N2 virusu ilə əlaqəli ola bilərmi?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a bildirib ki, qrip əslində mutasiyaedici bir virusdur, yəni hər il yeni ştam və yeni formada ortaya çıxır:

“Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda epidemioloji vəziyyət qarışıqdır. Belə ki, bir tərəfdən COVID-19 virusunun “Omikron” ştamının mutasiya variantları davam edir, digər tərəfdən isə qrip və yuxarı tənəffüs yollarında iltihab yaradan digər viruslara da rast gəlinir.

Hazırda daha çox rast gəlinən A tipli virusdur və bu virusun müxtəlif ştamları mövcuddur. Onlardan biri də H3N2 virusudur. Amma məsələ burasındadır ki, bu gün vurulan qrip peyvəndi konkret bir ştama qarşı hazırlanmayıb.

Yəni hazırda mövcud olan ştamın vaksini hələlik yoxdur. Qrip əslində mutasiyaedici bir virusdur, yəni hər il yeni ştam və yeni formada ortaya çıxır. Buna görə də nə vaxtsa qrip pandemiyasının baş verməsi ehtimalı məntiqli görünür. Bu, Ümumdünya Səhiyyə Təşkilatının da proqnozudur”.

Professor qeyd edib ki, qrip peyvəndi xeyli sayda qrip ştamına qarşı hesablanmışdır və bu peyvənd immun sistemini xeyli aktivləşdirir:

“Bu baxımdan da qrip peyvəndi etdirilməsinin ümumilikdə faydası var. Hesab edirəm ki, insanlar pandemiya dövründəki davranışlardan yararlanmalıdırlar. Mümkün qədər xəstə şəxslər işə getməməli, müalicə olunmalı və kollektivlə təmasdan qaçmalıdırlar ki, digərlərini yoluxdurmasınlar.

Sağlam insanlar da ictimai yerlərdə, nəqliyyatda, əhalinin sıx toplandığı məkanlarda müəyyən qaydalara əməl etməlidirlər: maska taxmaq, məsafə saxlamaq, yaxın təmasdan uzaq durmaq kimi. Əslində bu qaydalar artıq norma halını almalıdır”.


Geri qayıt