|

Qusar şəhər bazarında kənd yumurtası tapmaq çətinləşib. Bununla bağlı bəzi alverçi və satıcılar yumurta qıtlığından istifadə edərək broyler yumurtalarını “kənd yumurtası” adı ilə baha satmağa çalışırlar. Hazırda bazarda belə “kənd” yumurtalarının ədədi 40 qəpiyə təklif olunur. Satıcılar isə vədlər verirlər ki, satdıqları yumurta əsl kənd yumurtasıdır.
Müşahidələr göstərir ki, alıcılar aldadılır və broyler yumurtası kənd adı ilə satılır. Qusar bazarının nəzdində fəaliyyət göstərən “Riad” firmasının direktoru Tiflisə Nəzərova saytımıza açıqlamasında bazarda əsl kənd yumurtasının olmadığını təsdiqləyib. O bildirib ki, bəzi satıcılar broyler yumurtasını kənd adı ilə satmağa cəhd etsələr də, belə hallarla rastlaşan kimi həmin şəxsləri bazardan uzaqlaşdırırlar. “Hazırda yumurta çox qıt olduğundan belə hallar baş verir”, – deyə Nəzərova vurğulayıb.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Xələf Babayev isə bildirib ki, toyuqlarda yumurtlama prosesi bioloji xüsusiyyətlərinə və saxlanma şəraitinə görə ləng gedir. Bazarlara çıxan saxta kənd yumurtalarının əksəriyyətini kəndlərdəki mağazalar alır və bazara təqdim edir.
Müşahidələr göstərir ki, qonşu rayonlarda da yumurta qıtlığı mövcuddur. Amma Qusar bazarından fərqli olaraq, Xudat şəhər bazarında əsl kənd yumurtası satılır və bir yumurtanın qiyməti 35 qəpiyədir.
Ümumilikdə bazarlardakı qiymətlər və saxta məhsul satışı üzərində hansı qurumun nəzarət etdiyi sual doğurur. Xüsusilə saxta kənd yumurtası satanlarla mübarizə aparmaq yalnız bazarın rəhbərliyinin öhdəsinə düşməməlidir. Dövlət qurumları da bu məsələyə nəzarət etməli və istehlakçı hüquqlarını qorumağa çalışmalıdır.
Bizim.Media
Geri qayıt
|