Əsas Səhifə > Güney Press > Regionda sülh havası güclənir
Regionda sülh havası güclənirDünən, 19:10 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edərək Azərbaycanın “Zəfər Bayramı” mərasimlərinə qatılacaq. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə əsas müzakirə mövzularından biri Ermənistanla aparılan sülh danışıqları olacaq.
4-5 noyabr tarixlərində Ermənistanın paytaxtı Yerevanda “Sülh və Çoxtərəfli Əməkdaşlıq Qurmaq” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, region ölkələrindən ekspertlər və alimlər iştirak ediblər.
Bu konfrans, 8 avqustda imzalanan “İrəvan- Bakı niyyət bəyannaməsi”ndən sonra həm normallaşma prosesləri, həm də regional əməkdaşlıq layihələrinin müzakirəsi baxımından əhəmiyyətli addım sayılır.
Azərbaycanlı ekspertlərin və dövlət televiziyasının da tədbirdə iştirakı iki ölkə arasında etimadın tədricən artmaqda olduğunu göstərdi.
Ermənistan konstitusiyası dəyişəcəkmi?
Bu il Bakı və İrəvan 17 maddəlik daimi sülh sazişi layihəsi üzərində razılığa gəlib və sənəd ABŞ-da paraflanıb. Lakin Azərbaycanın şərtinə görə, yekun imzalar yalnız Ermənistan Konstitusiyası dəyişdirildikdən sonra atıla bilər.
Çünki hazırkı konstitusiyanın giriş hissəsində yer alan “Müstəqillik Bəyannaməsi” sənədi Qarabağı Ermənistan ərazisi kimi təqdim edir. Həmçinin bəyannamədə işlədilən “Qərbi Ermənistan” ifadəsi Türkiyəni narahat edən məqamlardandır.
Baş nazir Paşinyan son aylarda “tarixi Ermənistan” anlayışı əvəzinə “gerçək Ermənistan”ı önə çıxarır, tarixlə bağlı ritorikanın diqqətlə işlədilməli olduğunu vurğulayır. O, bu çıxışlarla ictimaiyyəti yeni konstitusiyaya hazırlamağa çalışır.
Məlumata görə, Paşinyan gələn il keçiriləcək parlament seçkilərindən sonra konstitusiya dəyişikliklərini referenduma çıxarmağı planlaşdırır.
Paşinyanın seçkilərdə şansı yüksək
Ekspertlər, o cümlədən Paşinyanın siyasətinə tənqidi yanaşanlar belə, fövqəladə bir vəziyyət yaşanmadığı təqdirdə onun seçkiləri qazanacağına inanırlar.
Türkiyə və Azərbaycan tərəflərində də ümumi fikir odur ki, Paşinyanın hakimiyyətdə qalması regionda daimi sülh və normallaşma üçün mühüm əhəmiyyət daşıyır.
Ermənistan rəhbərliyi 2026-cı ildə keçiriləcək seçkilərə qədər Türkiyə ilə münasibətlərdə konkret nəticələr əldə etməyə çalışır.
Bu kontekstdə, 2022-ci ildə iki ölkə arasında razılaşdırılmış Alican- Margara sərhəd-keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasının 2026-cı ilin əvvəlində həyata keçirilməsi Erivanın əsas gözləntilərindən biridir.
Bu addımın simvolik dəyəri ilə yanaşı, sonradan sərhədin Türkiyə və Ermənistan vətəndaşlarına da açılacağı ehtimalını gücləndirəcəyi bildirilir.
Ankara və İrəvan arasında qarşılıqlı jestlər
İki ölkə arasında son dövrlərdə görünən bir sıra müsbət addımlar atılıb. Ən vaciblərindən biri, iki ölkə arasındakı birbaşa uçuşların sayının artırılmasıdır.
Türk Hava Yollarının gələn ildən etibarən Erivana uçuşlara başlaması gözlənilir.
Bundan başqa, Ermənistanın Türkiyəyə jest olaraq pasportlara vurulan Ağrı Dağı təsvirini ləğv etməsi də mühüm simvolik addım kimi dəyərləndirilir.
Paşinyanın yeni təklifi
Paşinyan, Türkiyə və Azərbaycanla ticarət əlaqələrini genişləndirmək məqsədilə yeni bir təklif irəli sürüb. Baş nazir “Zəngəzur dəhlizi” tamamlanana qədər Türkiyədən Azərbaycana yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsini təklif edir.
Ərdoğanın Bakıya səfəri
Prezident Rəcəb Tayyib Ərdoğan 8 noyabrda Bakıda keçiriləcək Zəfər Bayramı tədbirlərinə qatılacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək regional məsələləri müzakirə edəcək.
Milli müdafiə naziri Yaşar Gülər və bütün komandanlıq heyətinin də Bakıda olması, həmçinin 6 türk F-16 qırıcı təyyarəsinin paradda iştirakı mühüm mesaj kimi qiymətləndirilir.
Tədbirdə Pakistanın Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyi və üç liderin bir araya gələcəyi gözlənilir.
Geri qayıt |