Əsas Səhifə > Güney Press > Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil

Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil


Dünən, 12:21

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı son 5 ildə devalvasiya ilə bağlı risklərin müşahidə olunmadığını bildirib. Lakin bazarda dollarlaşma meylinin hələ də qalması bu sabitliyin nə dərəcədə davamlı olduğu barədə suallar doğurur. Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, nazirin bəyanatı hökumətin makroiqtisadi sabitliyə inamını ifadə edir və bu, əsasən üç amilə söykənir:

“Birincisi, Azərbaycanın Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə valyuta ehtiyatları 82 milyard dollara yaxındır ki, bu da milli valyutanın dayanıqlığı üçün ciddi təminat sayılır.

İkincisi, neft və qaz ixracında müəyyən azalma olsa da, qiymətlərin yüksək qalması ixracın azalmasını kompensasiya edir və valyuta daxilolmalarını sabit saxlayır.

Üçüncüsü, xarici borc ÜDM-ə nisbəti 10 faizdən azdır ki, bu da makroiqtisadi riskləri azaldır”.

Ekspertin sözlərinə görə, bu göstəricilər qısa və orta müddətdə texniki devalvasiya ehtimalını zəif göstərir. Bununla belə, son iki ildə dollara tələbatın təxminən üç dəfə artması potensial risk kimi qiymətləndirilə bilər.

“2015-ci ilin ikiqat devalvasiyası cəmiyyətdə dərin iz buraxıb. İnsanlar hələ də manatın uzunmüddətli sabitliyinə tam etibar etmir. Üstəlik, iqtisadiyyatın böyük hissəsi – enerji, tikinti və xammal bazarları dollarla qiymətləndirilən sektorlarla bağlıdır. Əmanət faizlərinin azalması da insanları dollar saxlamağa sövq edir. Üstəlik, maliyyə bazarının dərin olmaması, manatla uzunmüddətli və gəlirli alətlərin azlığı da bu prosesi gücləndirir,” – deyə Nəsirli vurğulayıb.

Ekspert əlavə edib ki, hazırda devalvasiya riski aşağı olsa da, tam sıfır deyil. O, riskin artmasına səbəb ola biləcək dörd əsas amili də sadalayıb:

Qlobal neft qiymətlərinin uzunmüddətli enməsi (40 dollar səviyyəsinə qədər);

Xarici ticarət balansında mənfi saldonun yaranması;

Dövlət xərclərinin və idxalın artması nəticəsində valyutaya tələbin çoxalması;

Regional siyasi gərginliklərdən qaynaqlanan psixoloji təzyiqlər.

“Hazırda bu amillər aktiv deyil, amma uzunmüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsi zəif qaldıqca, manatın dayaqları əsasən neft gəlirlərinə bağlı olacaq. Əsl sabitlik yalnız iqtisadi strukturun diversifikasiyası və manatla gəlir gətirən aktivlərin artması ilə təmin oluna bilər. Yəni baş nazir Mikayıl Cabbarovun başımızın altına qoyduğu yastıq o qədər də yumşaq deyil, iqtisadiyyatda ciddi islahatlara ehtiyac var,” – iqtisadçı əlavə edib.


Geri qayıt