Əsas Səhifə > Güney Press > Tarixin izlərini daşıyan Ramanı qalası nəzarətsizlikdən turist itkisi yaşayır

Tarixin izlərini daşıyan Ramanı qalası nəzarətsizlikdən turist itkisi yaşayır


Dünən, 17:36

Dəfələrlə Ramanı qalasına baş çəksəm də, qalanın açıq gününü görmədim. Hər zaman qapısında qıfıl oldu. Bəlkə elə bu səbəbdəndir ki, qalaya turist axını yoxdur. Qalanın ətrafı təmir edilib, səliqəyə salınıb, amma qapıda qıfıl...

Qala tarixi abidədir və hamının bu abidəni ziyarət etməyə haqqı var, qapılar üzümüzə bağlıdır. Bu da Ramanı qalasına olan etinasızlığın bir formasıdır.

Bir abidəni necə unutdurmaq olar? Təbii ki, o abidəyə çatmağı, ziyarət etməyi məhdudlaşdırmaqla.

Bəlkə də bu tarixi abidənin də yerində nəsə planlayırlar. Yəqin, bu səbəbdən qapıları hər zaman bağlı olur ki, ziyarət edənlər hər dəfə bağlı olduğunu görüb geri qayıtsın, bir daha gəlməsin. Buna başqa nə ad vermək olar ki?

Qalanın qarşısına guya mühafizə otağı qoyulub, o da bomboş... Yəni elə bil qala deyil, maketdir. Yəqin belə səliqəli vəziyyətdə saxlayırlar ki, birdən dövlət rəhbəri baş çəkmək istəyər, hər zaman ətraf yaxşı görünsün, az əmək sərf edilsin, az xərc çıxsın...

Başqa nə deyim, bilmirəm. Axı bir tarixi abidənin niyə bir nəzarətçisi olub, yol göstərməməlidir ki? Məsələn; Mərdəkan qalasında var idi, mehriban şəkildə danışdı, yol göstərdi, qala haqqında məlumat verdi. Ramanı qalasında məni çatlamış divarlar qarşıladı...

Qeyd edim ki, qalanın önünə gələn kimi qarşı evlərdə arada bir pərdəni çəkib baxırlar ki, nə etdiyini görsünlər. Yəqin, Ramanı qalasını da belə mühafizə edirlər. Uzaqdan, gizlin...

Nə isə... Bu qalaya bir bələdçi mütləq şəkildə lazımdır. Gələn ziyarətçiləri qarşılamağa, izah verməyə, qalanın tarixindən danışmağa...

Yəqin, qalaya vəsait ayırmaq istəmirlər. Bəlkə də büdcədən vəsait ayrılıb, amma...

Axı, Azərbaycana gələn əcnəbi niyə Ramanı qalasını görməməlidir? Yerli turistinə bağlı qapı əcnəbiyə açılarmı? Ümid edirəm ki, qala hansı qurumun balansındadırsa, bir az qəpik-quruş ayırıb, bir bələdçi təyin edərlər.

Yenə gedəcəyəm, yenə yazacağam...

Bizimyol.info



Geri qayıt